...

Bəstəkarlar İttifaqında Xocalı soyqırımı qurbanları yad edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 14:56 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan anım tədbiri təşkil olunub.

Mərasimin əvvəlində görkəmli bəstəkar, Xalq artisti Cövdət Haciyevin “Matəm” marşı“ səsləndirilib və tədbir iştirakçıları ”Xocalı faciəsinin qurbanlarının xatirəsinə bir dəqiqəlk sükütla yad ediblər. Sonra çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqrımının xalqımıza və bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan F.Əlizadə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini bir daha diqqətə çatdırıb. Aparılan təbliğat sayəsində bir sıra dünya dövlətləri, o cümlədən ABŞ-ın 20-dək ştatı bu faciəni tanıyır. Bəstəkarlar İttifaqının sədri qeyd edib ki, xalqımızın yaşadığı Xocalı soyqırımı milli musiqimiz vasitəsilə də dünyaya çatdırılır.

“Bu baxımdan “Xocalı”, “Xocalı laylası”, “Xocalı uşaqlarına lay-lay”, “Xocalı avazları”, “Xocalı-613”, “Xocalı naləsi” və başqa milli musiqi əsərləri dünyanın bir sıra ölkələrində ifa olunaraq müəyyən təbliğat vasitəsinə çevrilib.

Xalqımızın qan yaddaşı olan Xocalı faciəsinin bütün dünya dövlətləri tərəfindən tanınmasında hər bir təbliğat vasitəsindən istifadə olunmalıdır. Bu baxımdan mövzu ilə əlaqədar yaranan milli musiqi əsərləri böyük əhəmiyyət kəsb edir” - deyə F.Əlizadə bildirib.

Tanınmış şair, Əməkdar incəsənət xadimi Abdulla Qurbani də çıxışında Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu və bu hadisənin tariximizə erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin növbəti mərhələsi kimi düşdüyünü qeyd edib. Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı haqqında fikirlərini, Prezident İlham Əliyevin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” müvafiq Sərəncamını diqqətə çatdıran A.Qurbani Xocalı həqiqətlərinin dünyada yayılması istiqamətində dövlətimizin həyata keçirdiyi işlərin miqyasını xatırladıb. Hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, erməni təcavüzünün gələcək nəsillərə ötürülməsi və bu faciənin xalqımıza qarşı soyqırımı hadisəsi olaraq tanınması naminə bu cür tədbirlərin vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı isə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətlədirilməsi üzrə işçi qrupunun üzvü kimi Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.

Tədbirdə kürsüyə qalxan digər natiqlər çıxışlarında Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyindən vurğulayaraq bildiriblər ki, Xocalı həqiqətlərinin dünyaya tanıdılması hər birimizin borcudur.

Çıxışlardan sonra Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan tanınmış şair, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbaninin “Kül altından boy atacaq Xocalı” rekviyem-poeması nümayiş olunub. Əsərin bəstəkarı Azad Zahid, rejissoru isə Hikmət Əlisgəndəroğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti