...

UNEC tələbələrindən Xocalıya həsr olunan tamaşa: “Əsirlikdə bir gün” (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 19:30 (UTC +04:00)
UNEC-də Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən tədbir keçirilib.
UNEC tələbələrindən Xocalıya həsr olunan tamaşa: “Əsirlikdə bir gün” (FOTO)

Bakı. Trend:

UNEC-də Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən tədbir keçirilib.

Universitetin marketinq və kommunikasiya departamentindən Trend-ə verilən məlumata görə, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkili Flora Qasımova, UNEC-in rektoru, professor Ədalət Muradov, professor-müəllim heyəti, tələbə və valideynlər iştirak edib. Tədbirdən öncə iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan abidə ağacını, tələbələrin soyqırımı əks etdirən rəsm əsərləri və fotolardan ibarət sərgi ilə tanış olub, soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir iştirakçıları UNEC Yaradıcılıq Mərkəzinin hazırladığı “Əsirlikdə bir gün” tamaşasını izləyiblər. Tamaşa real hadisələr əsasında qurulub.

Sonra tamaşada iştirak edən tələbələrə, eyni zamanda UNEC Yaradıcılıq Mərkəzinin üzvləri arasında Xocalı soyqırımına həsr edilən şeir, hekayə və rəsm müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib. Şeir müsabiqəsinin qalibi, Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi İlham Quliyev Xəlil Rza Ulutürkün “Nifrət məktəbi yarat” şeirini səsləndirib.

Tədbir UNEC-in rəsmi Facebook səhifəsi ilə canlı yayımlanıb.

Təhsil nazirinin imzaladığı “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən, UNEC-də fevralın 24-dən 26-dək “Xocalı həftəsi” elan edilib. “Xocalı həftəsi” çərçivəsində universitetin bütün tədris binalarında, Zaqatala filialında və Maliyyə İqtisad Kollecində silsilə tədbirlər təşkil edilib. Seminar və dəyirmi masalarda gəncləri sosial şəbəkədə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında fəal olmağa səsləyiblər. Universitetdə və kollecdə tələbələrin əl işlərindən ibarət Xocalı faciəsini əks etdirən foto və rəsm sərgiləri keçirilib. Universitetdəki bütün monitorlarda Azərbaycan və ingilis dillərində soyqırımla bağlı filmlər nümayiş etdirilib. Fevralın 24-də UNEC-də, universitetin Zaqatala filialı və Maliyyə İqtisad Kollecində birinci dərslər Xocalı soyqırımına həsr olunub.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.


Xəbər lenti

Xəbər lenti