Bakı. Trend:
Kiyev şəhərində "Xocalıya ədalət" kampaniyası çərçivəsində “Sonsuz dəhliz” filmi nümayiş olunub.
Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Sonsuz dəhliz” sənədli filmi Kiyev Kinoteatrında nümayiş etdirilib.
Tədbirə qatılanlar ilk öncə kinoteatrın foyesində təşkil olunmuş Xocalı soyqrımı abidə maketinin qarşısında faciə qurbanlarının xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Ukraynanın dövlət və hökumət rəsmilərinin, diplomatik korpus nümayəndələrinin, parlament təmsilçilərinin diaspora fəallarının və mediya qurumlarının iştirak etdiyi tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev şıxış edərək 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində uşaqlara, qadınlara və yaşlı insanlara qarşı həyata keçirdikləri işgəncə və qəddarlıqlardan söz açıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərın, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını qeyd edib. Litvalı kinoşünas Aleksandras Brokasın rejissorluğu və Xocalı soyqrımının şahidi olan tanınmış jurnalist Riçard Lapaitisinin xatirələri əsasında çəkilmiş "Sonsuz Dəhliz" filmi haqqında məlumat verən səfir filmdə Xocalıya dair indiyədək bilinməyən faktların, vaxtilə çəkilmiş video və fotoların tarixi gerçəklikləri özündə əks etdirdiyini vurğulayıb.
Sonra tədbirə qatılanlar "Sonsuz Dəhliz" filminə baxmaqla, ermənilərin Qarabağda və Xocalıda törətdikləri vəhşiliklərlə tanış olublar. Tədbirdə həmçinin gənc rəssam və şairə Darya Yevduxovanın Xocalı soyqrımına həsr etdiyi şer və rəsm əsərinin əsasında hazırlanmış videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Darya Yevduxova Xocalı faciəsi ilə tanış olduqdan sonra, bu ağır qətliam haqqda bir şer yazdığını və ona uyğun olaraq bir portret yaratdığını diqqətə çatdırıb. Yaradıcılığına əsasən bir videoçarx hazırlamaqla Xocalıda uşaqlara və qadınlara edilən vəhşiliklərə etirazını bu cürə bildirdiyini diqqətə çatdırıb.
Tədbirdə Xocalı şəhərindən olan Sadiq Bilalov, o müdhiş gecənin şahidi kimi 1992-ci ildə ermənilərin qohumlarına, doğmalarına və yerli əhaliyə qarşı törətdikləri işgəncə və qəddarlıqlardan söz açıb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Xocalı şəhərində baş verən qəddarlıq aktında bir başa əli olan Serj Sarkisyan və indiki Ermənistan hakimiyyətinin beynəlxalq məhkəmə qarşısında ən ağır cəzaya məhkum olunmasının vacibliyindən söz açıb.
Tədbirdə Heydər Əliyev fondu tərəfindən dərc olunmuş Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar və “Daşnaklar Fərqanədən Qarabağadək” sənədli filminin diskləri mərasim iştirakçılarına təqdim edilib. Ukraynanın aparıcı televiziya və kütləvi informasiya vasitələri Xocalı soyqrımı ilə bağlı xüsusi reportajlar yayımlayıblar. Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyev şəhərinin mərkəzi küçə və meydanlarında, Aeroport yolunda fevral ayının 25-dən sonunadək Xocalıya ədalət lövhələri yerləşdirilib.