...

Elmar Məmmədyarov ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həllində səyləri gücləndirməyə çağırıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2018 17:32 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bricet Brinki qəbul edib
Elmar Məmmədyarov ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həllində səyləri gücləndirməyə çağırıb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şöfer də iştirak edib.

B.Brink Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını bildirib. İki ölkə arasında strateji tərəfdaşlıq üzrə siyasi dialoqun gücləndirilməsinin vacibliyini vurğulayan qonaq ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini və mövcud ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. B.Brink ölkəmizin terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirdiyini xüsusilə qeyd edib.

E.Məmmədyarov Azərbaycanın da ABŞ ilə münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib. Ölkəmizdə aparılan köklü iqtisadi islahatlar barədə danışan nazir iqtisadi sahədə əlaqələrin inkişafı və ABŞ şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda daha fəal təmsil olunması üçün birgə səylərin artırılmasının vacibliyini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən E.Məmmədyarov ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə ABŞ tərəfindən münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında ədalətli həlli istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Söhbət zamanı tərəflər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi haqqında müzakirələr apardılar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti