...

Tacikistan mətbuatı Ermənistanın son təxribatları ilə bağlı məlumatlandırılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2020 10:40 (UTC +04:00)

Bakı. Trend:

12 iyul tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması və xarici ölkələrdə həmvətənlərimiz tərəfindən keçirilən dinc yürüşlərə qarşı ermənilər tərəfindən vandalizm aktlarının həyata keçirilməsi ilə bağlı Tacikistan Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrini məlumatlandırmaq məqsədi ilə 28 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyinin inzibati binasında mətbuat konfransı keçirilmişdir. 10-dan artıq qəzet, informasiya agentliyi və televiziya jurnalistinin iştirak etdiyi konfransda səfir Həsən Məmmədzadə çıxış etmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir mətbuat konfransında çıxış edərək, son günlər Ermənistan hərbi qüvvələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın silahlı qüvvələrinin mövqelərinə hücum edərək növbəti hərbi təxribat törətmələri barədə danışmış, erməni silahlı qüvvələrinin hücumu nəticəsində 12 hərbçimizin, o cümlədən yüksək çinli zabitlərimizin həlak olduğunu, mülki əhali və mülki obyektlərin atəşə tutulduğunu, beləliklə də beynəlxalq humanitar hüquq və insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların qərar və konvensiyalarının kobud şəkildə pozulduğunu bildirmişdir.

Ermənistanın bu hücumu törətməkdə məqsədinin həmin ərazidən keçən Şərq-Qərb dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmaq olduğunu bildirən səfir, Azərbaycanın sərhəd zonasında hərbi məqsədlərinin olmadığını, ölkəmizin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllinə çalışdığını qeyd etmişdir.

Daha sonra KİV nümayəndələrinə, son həftə ərzində Avropanın bir sıra paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qüvvələri tərəfindən dinc azərbaycanlı nümayişçilərə, habelə Azərbaycanın diplomatik nümayəndəliklərinə və dövlət rəmzlərinə qarşı vandalizm aktlarının və nifrətə əsaslanan cinayət əməllərinin törədilməsi ilə bağlı foto və videofaktlar nümayiş edilmişdir.

Sonda Səfir Həsən Məmmədzadə jurnalistlərin suallarını cavablandırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti