Vaşinqtondakı danışıqlar zamanı Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni təkliflərin irəli sürülməsi ehtimalı azdır.
Bu barədə Trend agentliyinin məlumatına əsasən, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan prezidentinin ABŞ-a gözlənilən səfərini şərh edərkən bildirib.
"Azərbaycanın 15 il ərzində dəyişməyən mövqeyi dəyişməz qalıb. Biz həmişə bildirmişik və bildirməkdə davam edirik ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına müvafiq həll olunmalıdır. Şübhəsiz, əgər biz münaqişəyə həqiqətən son qoymaq istəyiriksə, qərar qanunauyğun olmalıdır. Vasitəçilər tərəflərin mövqeyini yaxınlaşdırmaq üçün təmas nöqtələri axtarır" - deyə nazir qeyd edib.
Dağlıq Qarabağ əhalisinin "öz müqəddəratını həll etmək" hüququna toxunan E.Məmmədyarov deyib ki, beynəlxalq hüquq prinsiplərinə əsasən, bu ifadə başqa bir ölkənin ərazi bütövlüyünün pozulmasını nəzərdə tutmur. "Xalqın və ya milli azlığın öz müqəddəratını həll etmək hüququ ərazi bütövlüyü çərçivəsində təmin olunur və Azərbaycan Dağlıq Qarabağ çərçivəsində erməni milli azlığına ən yüksək müxtariyyət verməyə hazırdır. Bu misal hamıya məlumdur və dünyada, Avropada geniş istifadə olunur" - deyə o vurğulayıb.
E.Məmmədyarov deyib ki,İlham Əliyevin ABŞ-a qarşıdakı səfəri və prezident Corc Buşla görüşü zamanı bir sıra ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq, həmçinin beynəlxalq və regional xarakterli məsələlərə toxunulacaq. Nazirin sözlərinə görə, danışıqların vacib mövzularından biri Qafqazda münaqişələrin nizamlanması olacaq. Bundan əlavə, energetika təhlükəsizliyi, beynəlxalq terrorçuluqla mübarizə, xüsusilə, Azərbaycanın antiterror koalisiyasındakı iştirakı nəzərdən keçiriləcək.