...

Aydın Mirzəzadə: "Torpaqlarımız erməni işğalından azad olunanadək Azərbaycan hərbi büdcəsini nə qədər lazımdırsa, o qədər artırmalıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Avqust 2006 12:34 (UTC +04:00)

Torpaqlarımız erməni işğalından azad olunanadək Azərbaycan hərbi büdcəsini nə qədər lazımdırsa, o qədər artırmalıdır. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyası sədrinin müavini, politoloq Aydın Mirzəzadə Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Benito Ferrero-Valdnerin Gürcüstan və Azərbaycanı hərbi büdcəni artırmaqdan çəkinməyə çağırışına münasibət bildirərkən qeyd edib.

Onu da bildirək ki, Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Benito Ferrero-Valdner Sloveniyanın Bled şəhərində keçirilən "Caspian outlook-2008" forumunda çıxışında Gürcüstan və Azərbaycanı hərbi büdcəni artırmaqdan çəkinməyə çağırıb. O bildirib ki, regionda hərbi xərclər sonsuzluğa aparır.

A.Mirzəzadə qeyd edib ki, Avropa Birliyi komissarının bu tələbi qətiyyən qəbul edilməzdir: "Azərbaycan torpaqlarının 20 faizi qonşu Ermənistan tərəfindən işğal edilib, Gürcüstan isə özünün iki muxtar ərazisinə nəzarət edə bilmir. Dünya tarixində adətən torpaqları işğala məruz qalan dövlətlər hərbi büdcələrini artırmalı olurlar. Azərbaycanın hərbi büdcəsi bu gün dövlət büdcəsinin 8 faizini təşkil edir. İşğalçı Ermənistanın isə hərbi büdcəsi ümumi büdcənin 30 faizini təşkil edir".

Millət vəkili bildirib ki, Avropa Birliyi komissarının Azərbaycana belə yanaşması başadüşülən deyil: "Komissar Ermənistanla Avropa Birliyinin əməkdaşlığına dair heç bir fikir söyləmir, ancaq torpaqları işğal olunan Azərbaycanın haqlı mövqeyinə qarşı hücum çəkir. Onun fikirlərində qərəzli məqamlar çoxdur".

A.Mirzəzadə qeyd edib ki, torpaqlarımız erməni işğalından azad olunanadək Azərbaycan hərbi büdcəsini nə qədər lazımdırsa o qədər də artırmalıdır. Millət vəkili vurğulayıb ki, bu gün digər sahələr büdcədən maliyyələşmədə geri də qala bilər, hər hansı sahənin inkişafını bir qədər sonraya da saxlamaq olar: "Ancaq torpağımızı işğalçıya təhvil vermək fikrində deyilik. Bu məsələdə əsas arqumentlərdən biri texniki cəhətdən təhciz edilmiş ordunu yaratmaqdır".

Xəbər lenti

Xəbər lenti