Dekabrın 6-da Bakıda, Gəncliyə Yardım Fondunda Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin (QESAM) "Ermənistan: Ümumqafqaz təhlükəsizliyi problemi" mövzusunda dəyirmi masa və "Ermənistan Respublikası" məlumat-sorğu kitabçasının təqdimatı keçirilib. Trend in məlumatına görə, toplantıda politoloqlar, araşdırmaçı alimlər, gənclər təşkilatlarının və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.
QESAM-ın sədri, AMEA Tarix İnstitutunun aspirantı Emil Əliyev bildirib ki, bu qurum Azərbaycanın strateji maraqlarına uyğun, ölkəşünaslıq baxımından sistemli məlumat sorğu mənbələri hazırlayan, strateji araşdırmaların əhəmiyyətini nəzərə alaraq bu işləri həyata keçirən müstəqil araşdırma mərkəzidir. Bir ildir fəaliyyət göstərən QESAM Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. E.Əliyevin sözləirnə görə, QESAM-ın "Ermənistan Respublikası" adlı məlumat katibçasını hazırlamaqda məqsədi Azərbaycana düşmən kəsilmiş, ərazilərimizi işğal etmiş bir dövləti yaxından tanımaq, ictimaiyyətimizə, araşdırmaçı alimlərə onun haqqında məlumat almaqda köməklik göstərməkdir.
Gəncliyə Yardım Fondunun rəhbəri Əhməd Tegim QESAM-da təmsil olunan gənc alimlərin gördüyü işlərdən danışaraq onların araşdırmalarını, gərgin əməyini yüksək qiymətləndirib. QESAM-ın eksperti, Bakı Slavyan Universitetinin müəllimiAzər Hüseynov Ermənistanın Qafqazda təhlükə mənbəyi olması, qlobal təhlükələr sayılan terrorizm, narkotik maddələrin tranziti, təcavüzkarlıq kimi qanunsuz hərəkətləri dövlət səviyyəsində həyata keçirməsindən danışıb. Onun sözlərinə görə, İranın, Rusiyanın, Çinin nüvə proqramı üzrə ekspertləri də Ermənistanda fəaliyyət göstərir.
Çıxış edən digər məruzəçilər də Ermənistanın Cənui Qafqazda yaratdığı münaqişə ocaqları, törətdiyi faciə və qlobal təhükələr barədə danışıblar.
Qeyd edək ki, "Ermənistan Respublikası" adlı kitab heç bir şərhlər verilmədən yalnız Ermənistanla bağlı rəsmi, statistik məlumatları əks etdirir.