Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Moskvada Rusiyanın Xalqlar Dostluğu Universitetində (RXDU) bayram tədbirinin sonunda azərbaycanlı və erməni gəncləri arasında böyük dava olub.
Hələ RXDU-də təşkil olunan tədbirin gedişi zamanı ermənilər bir neçə dəfə azərbaycanlı gəncləri süni surətdə gərginliyə təhrik ediblər. Ermənilərin tanınmamış separatçı Dağlıq Qarabağ rejiminin bayrağı ilə rəqs etdiklərini görən azərbaycanlı tələbələr bir neçə dəfə onlara bu cür hərəkətlər etməmək barədə xəbərdarlıq ediblər. Bundan əlavə, azərbaycanlı tələbələr ermənilərin qanunsuz və təhrikedici hərəkətləri barədə hüquq-mühafizə orqanları və RXDU rəhbərliyini xəbərdar ediblər. Ermənilər isə azərbaycanlı gənclərin xahişini kobud surətdə rədd edərək açıq şəkildə antiazərbaycan ədəbiyyatı yayarkən azərbaycanlıların ciddi etirazı ilə qarşılaşıblar. Dava zamanı azərbaycanlılardan biri qondarma "DQR" in bayrağını cırıb.
Hətta xeyli sayda hüquq-mühafizə orqanı əməkdaşı, XTPD dəstələrinin gəlməsi və havaya atəş açılmasına baxmayaraq azərbaycanlılar və ermənilər arasında dava davam edib.
64 saylı Moskva xəstəxanasından Trend ə verilən məlumata görə, dava zamanı güllə yarası alaraq xəstəxanaya gətirilmiş azərbaycanlı Ağəli Alışovdur. Onun 22 yaşı var.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələləri üzrə müşaviri Nigar Axundova çərşənbə günü Moskvadan telefonla verdiyi məlumata görə, yaralananlardan Ağəli Alışov hazırda 64 nömrəli xəstəxanadadır. O, artıq əməliyyat olunub və onun durumu yavaş-yavaş normallaşır. Dava zamanı Alışov qarın nayihəsindən güllə yarası alıb. Axundovanın sözlərinə görə, daha üç azərbaycanlı gənc yüngül bıçaq zərbəsi alsa da, səhiyyə müəssisələrinə müraciət etməyib.
Universitetdən, habelə "Obruçevski" rayonu daxili işlər idarəsindən hələlik baş verən insidentlə bağlı hər hansı bilgi almaq mümkün olmayıb.