...

Rusiyalı həmsədr: ATƏT sədri Minsk Qrupunun Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətini dəstəklədi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 May 2007 19:21 (UTC +04:00)
Rusiyalı həmsədr: ATƏT sədri Minsk Qrupunun Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətini dəstəklədi

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ ATƏT sədri Migel Anxel Maratinos Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun fəaliyyətini bəyənir və Ermənistan və Azərbaycan tərəflərini qısa müddətdə tənzimlənmənin əsas baza prinsipləri üzrə razılığa gəlməyə çağırmaq niyyətindədir. Bu barədə çərşənbə axşamı telefonla Moskvadan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

Mayın 10-da ATƏT-in yeni sədri, İspaniyanın xarici işlər naziri Migel Anxel Moratinos Madriddə Minsk qrupu həmsədrləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə edib. "Bakı və İrəvana səfəri öncəsi o, bizim qiymətləndirməmizi bilmək istəyirdi, - deyən Merzlyakov söyləyib: - Migel Anxel Moratinos bizim fəaliyyətimizi bəyəndi. Regiona səfəri zamanı ATƏT sədri tərəfləri qısa müddətdə əsas tənzimləmə prinsipləri üzrə razılığa gəməyə çağıracaq".

Rusiyalı diplomat bildirib ki, mayın 10-11-də Strasburqda Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə ayrı-ayrılıqda məsləhətləşmələr aparılıb. "Biz hələ razılaşdırılmamış baza prinsiplərini müzakirə etdik, tərəflərin bizim təkliflərimizə münasibətini öyrəndik. Biz bunlar üzərində işləyəcəyik və müvafiq olaraq öz təkliflərimizi hazırlayacağıq", - deyə bildirən Merzlyakov tərəflərin verilmiş təkliflər üzrə münasibətini şərh etməyib.

Merzlyakov mayın sonunda Minsk qrupu həmsədrlərinin regiona hazırlanan səfəri barədə məlumat verib. Səfərin dəqiq tarixi isə hələ müəyyənləşdirilməyib, belə ki, İrəvan və Bakı hələ səfərin tarixini təsdiqləməyib, deyə o əlavə edib.

Diplomatın sözlərinə görə, iyunun 10-da Sankt-Peterburqda Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqların növbəti raundunun təşkil olunması ilə bağlı qəti razılıq yoxdur. Bu, bizim regiona baş tutacaq növbəti səfərimizdən sonra müəyyənləşəcək.

İki ölkə arasında münaqişə 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb. 1992-ci ildən etibarən Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla Azərbaycanın 20 faiz torpağı Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 1994-cü ilin may ayında tərəflər arasında atəşkəs barədə razılıq əldə olunub. İndiyə qədər Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəsilə nəticəsiz məxfi sülh danışıqları aparılır. ATƏT-in hazırkı sədri Migel Anxel Moratinos iyunun 4-5-də Azərbaycana səfər etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti