...

Politoloqlar Qarabağ münaqişəsinin nizamlanması baxımından Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən ciddi irəliləyiş gözləmirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2007 14:35 (UTC +04:00)
Politoloqlar Qarabağ münaqişəsinin nizamlanması baxımından Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən ciddi irəliləyiş gözləmirlər

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycanın müstəqil politoloqları Qarabağ münaqişəsinin nizamlanması baxımından Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən ciddi irəliləyiş gözləmirlər.

"Hələlik erməni cəmiyyətində prezident Robert Köçəryan tərəfindən danışıqlarda irəliləyişi təmin edən qərarların qəbulu uçün dəyişikliklər görmürəm" - deyə politoloq İlqar Məmmədov bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesi və sülh sazişi sxemi bir vacib suala cavab verməlidir - nizamlanma prosesi bitəndən sonra Dağlıq Qarabağ ərazisi kimin suverenliyi altında olacaq. "Əgər erməni cəmiyyəti Azərbaycan tərəfini qane edəcək cavab verməyə hazırdırsa, yəni Azərbaycanın suverenliyi bərpa olacaq və Dağlıq Qarabağ onun tərkibində olacaqsa, danışıqlarda irəliləyiş mümkündür. Əks təqdirdə ATƏT-in Minsk qrupu həmsədrlərinin nikbinliyinin haradan qaynaqlandığı mənə aydın deyil" - deyə Məmmədov qeyd edib.

Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə gəldikdə isə politoloq hesab edir ki, əgər hansısa prosedur Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsini Azərbaycanın tərkibində nəzərdə tutursa, adından fərqli olaraq, bu, Azərbaycan üçün məqbuldur. "Yox, əgər statusun müəyyənləşdirilməsi Azərbaycanın suverenitetindən kənar olacaqsa, onda adı nə olursa olsun, bizim üçün məqbul ola bilməz" - deyə o vurğulayıb.

Politoloq Rasim Musabəyov isə hesab edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünü yalnız o halda uğurlu dəyərləndirmək olar ki, görüşdən sonra dövlət başçıları jurnalistlər qarşısına çıxaraq "tərəflərin mövqelərini daha da yaxınlaşdırmaq mümkün olub, bu görüşdən artıq nəsə gözləmək olmaz" deyəcəklər.

Dağlıq Qarabağda referendumun keçirilməsinə gəldikdə isə Musabəyov qeyd edib ki, bu, Azərbaycan Konstitusiyasına ziddir. "Düşünmürəm ki, Sankt-Peterburqdakı görüşdə Azərbaycan tərəfi referenduma razılıq versin" - deyə o fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti