...

ABŞ-ın Azərbaycandakı səfirliyində Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Avqust 2007 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə yaradılmış Qarabağ Forumu üzrə İşçi qrup ABŞ-ın Azərbaycandakı səfirliyində görüş keçirib. Bu barədə İşçi qrupun üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Cek Benetlə görüşdə Dağlıq Qarabağ problemi ilə bağlı ətraflı müzakirələr aparılıb. Qarabağ Forumu iştirakçılarının münaqişənin həlli ilə bağlı mövqeyi, həmçinin ABŞ-ın bu münaqişənin həllində oynadığı rola münasibəti Cek Benetin diqqətinə çatdırılıb. İşçi qrup üzvləri bildiriblər ki, ABŞ işğalçı Ermənistanın öz mövqeyindən geri çəkilməsi üçün heç bir addım atmır, hətta çağırış belə etmir. Azərbaycan cəmiyyətinin isə ümumi mövqeyi budur ki, sülh danışıqları uzun müddət davam edə bilməz, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməlidir.

ABŞ diplomatı isə Qarabağ Forumu iştirakçılarının narahatlığını anlayışla qarşıladığını deyib. O bildirib ki, onların mövqeyini məruzə şəklində ABŞ Dövlət Departamentinə çatdıracaq.

İşçi qrup üzvləri Qarabağ münaqişəsinin müddətli həllinə dair Azərbaycan prezidentinə ünvanlanan təklif barədə də ABŞ diplomatına məlumat veriblər.

Qeyd edək ki, Qarabağ Forumu adından Rusiya, Fransa, Türkiyə və İran səfirliyinə də görüş üçün müraciət edilib. Rusiya səfirliyindən bildiriblər ki, Rusiya Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in fəaliyyətinə qarışmır, amma ölkələrarası münasibətləri müzakirə etmək üçün görüşə hazırdırlar. Fransa, İran, Türkiyə səfirliklərindən isə cavab alınmayıb. Qarabağ Forumu Türkiyənin Qarabağ münaqişəsinin həllinə dair öz mövqeyini aktivləşdirməsini, İranın isə işğalçı Ermənistana hansı əsaslarla dəstək verməsi və yardımlar göstərməsi barədə açıqlamalarını öyrənmək istəyir.

Xatırladaq ki, mayın 24-də, iyulun 2-də və avqustun 7-də Qarabağ Forumu keçirilib. Növbəti Forum yaxın vaxtlarda olacaq.

Xəbər lenti

Xəbər lenti