...

Müxalifətyönlü partiya Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb

Siyasət Materials 11 Sentyabr 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası növbəti dəfə sosial-iqtisadi tələblərlə aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Bu barədə çərşənbə axşamı Trend ə AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib.

Partiya Azərbaycan hökumətinin tarif siyasətinə, ölkədə qiymət artımına etiraz olaraq sentyabrın 7-də Nazirlər Kabineti qarşısında piket keçirməyə cəhd göstərib. Lakin polislər razılaşdırılmamış aksiyanın qarşısını alıblar.

Çərşənbə axşamı AMİP Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edərək sentyabrın 20-də saat 13.00-da Füzuli meydanında piket keçirmək üçün icazə istəyib.

"Bakı Şəhər İcra Hakimiyyəti Nazirlər Kabineti qarşısında aksiya keçirilməsinə razılıq verməməsini bununla əsaslandırıb ki, dövlət obyektlərinin 300 metrlik radiusunda kütləvi tədbirlər keçirmək olmaz. Biz də bu qənaətə gəldik ki, Füzuli meydanının 300 metrlik radiusunda heç bir dövlət qurumu yerləşmir və orada piket təşkil edək"-deyə Orucov bildirib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti