Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Milli Məclisin payız sessiyasında bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunacaq. Bu barədə cümə günü Bakıda Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri, millət vəkili Arif Rəhimzadə məlumat verib.
Parlamentin Regional məsələlər daimi komissiyasının cümə günü keçirilən iclasında komissiyanın payız sessiyası üçün qanunvericilik iş planı təsdiq olunub. Rəhimzadənin sözlərinə görə, rəhbərlik etdiyi komissiya tərəfindən "Bələdiyyə üzvünün statusu haqqında", "Bələdiyyə qulluqçuları haqqında" qanun layihələri müzakirəyə təqdim olunacaq.
Bundan başqa, komissiya "Bələdiyyələrin nümunəvi Nizamnaməsi"ndə əlavə və dəyişiklik edilməsini nəzərdə tutan layihə hazırlayıb və parlamentin payız sessiyasında müzakirəyə təqdim olunacaq.
"Regional məsələlər daimi komissiyası tərəfindən Sabirabad və Kürdəmir rayonları arasında torpaq mübahisəsi ilə bağlı Sabirabad icra başçısının Milli Məclisə göndərdiyi müraciət müzakirəyə çıxarılacaq" - deyə Rəhimzadə əlavə edib.
Parlamentin payız sessiyası oktyabrın 1-də başlayır və dekabrın 30-da başa çatır.