...

Nazir müavini: "Bakı şəhər Baş Polis İdarəsi ləğv olunmayacaq"

Siyasət Materials 19 Oktyabr 2007 14:28 (UTC +04:00)
Nazir müavini: "Bakı şəhər Baş Polis İdarəsi ləğv olunmayacaq"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) ləğv olunmayacaq. Bu barədə cümə günü Bakıda jurnalistlərə açıqlamasında Daxili İşlər nazirinin müavini, qeneral Vilayət Eyvazov məlumat verib.

Nazir müavini qeyd edib ki, DİN-də olduğu kimi, BŞBPİ -də də islahatlar aparılır, günün tələblərinə uyğun olaraq, qurumlar ləğv edilir və onların bazasında yeni strukturlar yaradılır: "BŞBPİ, əvəllər olduğu kimi, indi də cinayətkarlıqla mübarizə aparır, öz funksiyalarını yerinə yetirir, ictimai asayışın qorunmasını təmin edir. Bu, gələcəkdə də belə olacaq".

Son günlər mətbuatda BŞBPİ-nin ləğv olunacağına dair məlumatlar yayılıb. Buna səbəb BŞBPİ-nin bir neçə strukturunun ləğv olunmasıdır.

Eyvazov onu da bildirib ki, BŞBPİ yeni binaya köçürüləcək. İdarəyə, yeni binanın tikilməsi üçün, prezidentin göstərişi ilə yer ayrılıb. Yeni bina Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin yanında, Bəşir Səfəroğlu küçəsinin kəsişməsində tikiləcək. Yaxın günlərdə binanın tikintisinə başlanılacaq: "BŞBPİ-nin yeni müasir standartlara cavab verən binaya köçürülməsi işin daha yaxşı təşkil olunması üçündür".

Xəbər lenti

Xəbər lenti