...

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri nazirlərdən yüksək maaş alır

Siyasət Materials 20 Oktyabr 2007 17:34 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri nazirlərdən yüksək maaş alır

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri nazirlərdən yüksək maaş alır. Trend agentliyinin məlumatına görə, bu barədə şənbə günü MSK sədri Məzahir Pənahov özü açıqlama verib.

Onun sözlərinə görə, MSK rəhbərliyi hazırda ölkədə ən yüksək maaş alan rəsmi şəxslərdir. MSK sədrinin maaşı əvvəllər Milli Məclis sədrinin müavini, yəni vitse-spikerlərin maaşı ilə eyni idi. Lakin sonradan dövlət başçısının sərəncamı ilə MSK rəhbərliyinin maaşı artırılıb: "Məndə olan məlumata görə, mənim maaşım nazirlərdən xeyli yüksəkdir"-deyə Pənahov bildirib.

O, dəqiq rəqəm ifadə etməsə də, maaşının vitse-spikerdən çox olduğunu bildirdi. Hazırda Milli Məclisin spikeri 1930 manat, vitse-spikerlər isə onun 80 faizini, yəni 1544 manat maaş alırlar. Deməli, MSK sədrinin rəsmi maaşı 1544 manatdan yüksəkdir.

Məzahir Pənahovun sözlərinə görə, MSK üzvlərinin isə maaşı Milli Məclisin deputatlarının maaşı qədərdir. Hazırda deputatların maaşı 1365 manatdır. Deməli, MSK üzvləri də təxminən bu qədər maaş və üstəlik 20 faizlik müavinət alırlar.

Pənahovun sözlərinə görə, gələn il keçiriləcək prezident seçkisinə qədər aşağı seçki komissiyaları - yəni, dairə və məntəqə seçki komissiyalarının əməkdaşlarının da maaşları artırılacaq. MSK sədri bildirib ki, hazırda dairə seçki komissiyalarının sədrləri rayon icra başçılarının müavinləri ilə eyni səviyyədə maaş alırlar.

MSK-nın və aşağı seçki komissiyalarının iş şəraiti, maddi-texniki bazası da yaxşılaşdırılır. Pənahovun sözlərinə görə, MSK üçün tikilən yeni hündürmərtəbəli bina öz gözəl görünüşü ilə ətraf əraziyə yaraşıq verəcək. 125 dairə seçki komissiyasının əksəriyyəti da yeni tikilmiş müasir tipli binalarla təmin olunub.

Xəbər lenti

Xəbər lenti