Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan parlamentində qeydə alınmış ilk deputat fraksiyasının yaradılması təşəbbüsünü reallaşdırmaq, hələ ki mümkün deyil, bazar ertəsi Trend ə millət vəkili Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, fraksiyaya daxil olmaq istəyən deputatların sayı azdır.
"İlk deputat fraksiyasının yaradılması üçün deputatlar arasında müzakirələr olsa da, konkret nəticə əldə edilməyib. Müxalifətdə olan və müxalifətə yaxın deputatları da bu istiqamətdə bir araya gətirmək mümkün olmur"- Hüseyn deyib.
Milli Məclisin daxili Nizamnaməsinə görə, deputat fraksiyasının yaradılması üçün minimum 25 deputat bir yerdə cəmləşməlidir. Hazırda parlamentdə qeydə alınmamış Müsavat Deputat Fraksiyası fəaliyyət göstərir. Bu fraksiyaya 5 deputat daxildir.
Hüseyn hesab edir ki, Milli Məclisin 125 deputat sayının müqabilində, fraksiya üçün 25 deputatın olması olduqca yüksək rəqəmdir. Bu rəqəm qeydə alınmış deputat fraksiyayının yaradılmasına, parlamentin demokratikləşməsinə əngəllər yaradır. Millət vəkili təklif edir ki, fraksiyanın yaradılması üçün maksimum rəqəm 11-ə endirilməlidir. Hüseyn bildirib ki, deputat fraksiyasının sayının azaldılması üçün, Milli Məclisin daxili Nizamnaməsinə dəyişikliklərin edilməsinə dair, parlament rəhbərliyi ilə danışıqlar aparılır.