...

Müxalifətdəki keçmiş müttəfiqlər yenidən bir araya gəldi

Siyasət Materials 30 Oktyabr 2007 16:40 (UTC +04:00)
Müxalifətdəki keçmiş müttəfiqlər yenidən bir araya gəldi

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan müxalifətinin aparıcı qüvvələri sayılan "Azadlıq" bloku, Müsavat Partiyası və Azərbaycan Demokratik Partiyası (ADP) Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı, vahid mövqedən çıxış etmək barədə razılığa gəldilər. Bu barədə çərşənbə axşamı Trend ə ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.

"Azadlıq" blokundan AXCP-nin nümayəndəsi, partiyanın sədr müavini Qulamhüseyn Əlibəyli, Müsavat Partiyasından partiyanın icra aparatının rəhbəri

Arif Hacılı ilə ADP sədri arasında çərşənbə axşamı görüş keçirilib. Görüşdə Seçki Məcəlləsinə dair vahid təkliflər irəli sürülməsi qərara alınıb.

Cəlaloğlunun bildirdiyinə görə, tərəflər seçki komissiyalarının tərkibinin iqtidarla müxalifət arasında paritet əsasda (bərabər) formalaşdırılmasına dair təkliflə çıxış etməyi qərara alıblar. Onların təklifinə əsasən, seçki komissiyalarında yerlərin yarısı iqtidar nümayəndələri, qalan yarısı müxalifətə, daha doğrusu, ADP, Müsavat partiyaları və "Azadlıq" blokunun nümayəndələrindən ibarət olmalıdır. Məhz bu partiyaların təklif olunmasının səbəblərinə aydınlıq gətirən Cəlaloğlu bildirib ki, 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərndə qazandığı səslərə görə bu partiyalar (AXCP, ALP, ADP, Müsavat) öndədir və həmçinin, siyasi gücü, elektoratı, cəmiyyətdən aldığı dəstəyi və bölgələrdəki dayaqlarına görə, onlar iri partiyalar sayılır, deməli, seçki komissiyalarında təmsil olunmalıdırlar.

Qalan müxalifət partiyalarının bu təşəbbüsü etirazla qarşılayacağına gəldikdə isə, Cəlaloğlu bildirib ki, bütün siyasi qüvvlərin mövqelərini uzlaşdırmaq və hamının maraqlarını əks etdirən vahid model hazırlamaq mümkün deyil. Onun sözlərinə görə, "Azadlıq" bloku, Müsavat və ADP seçki komissiyalarında yerlərin yarısını qazanarsa, özləri ilə tərəfdaş olan digər müxalifət partiyalarının maraqlarını da nəzərə alacaq. Hətta seçki komissiyalarında onların da nümayəndələrinin namizədliyini irəli sürə bilər. ADP sədri bildirib ki, AŞ Venesiya Komissiyasının təşəbbüsü ilə, noyabrın 9-da Bakıda keçiriləcək Seçki Məcəlləsinə dair geniş müzakirələrdə bu üç tərəf vahid mövqedən çıxış edəcək.

Cəlaloğlu bildirib ki, tərəflər arasında ciddi fikir ayrılıqları yaranmasa və siyasi vəziyyət tələb etsə, keçmiş müttəfiqlər olan "dördlər" gələnilki prezident seçkisində də bir araya gələ bilər.

2005-ci ildə parlament seçkilərində iştirak etmək üçün ADP, AXCP və Müsavat partiyalarının birgə təsisçiliyi ilə "Azadlıq" seçki bloku yaradılmışdı. Seçkidən sonra ALP və Vətəndaş və İnkişaf Partiyası bloka qoşulub. İndi razılaşma əldə edən "dördlük" "Azadlıq" blokunun parlament seçkisindən sonrakı tərkibidir. Müsavat, parlamentin işində iştirak etdiyi , ADP isə, hakimiyyətə münasibətdə siyasi kursunda dəyişiklik etdiyi üçün, bloku tərk edib. Müsavat və ADP ilə "Azadlıq" blokunun əməkdaşlığı dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti