Azərbaycan, Bakı / " müxbir S.Ağayeva / Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Nikola Sarkozinin gözlənilən görüşü həm ikitərəfli əməkdaşlıq, həm də regional mahiyyətli məsələlər üzrə fikir mübadiləsi üçün mühümdür. Bu barədə Trend ə, Azərbaycan Prezidenti İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan prezidentinin noyabrın 19-20-də Fransaya nəzərdə tutulan səfərini şərh edərkən bildirib.
"Azərbaycan və Fransa arasında yaxşı münasibətlər mövcuddur və əməkdaşlığın davam etdirilməsi üçün dialoq lazımdır" - deyə Məmmədov vurğulayıb. Şöbə müdiri hesab edir ki, Sarkozi üçün də, regional məsələlərlə daha yaxşı tanış olmaq və Avrasiyanın "Qaynar nöqtələr"i ilə bağlı Əliyevin mövqeyini öyrənməkdə Azərbaycan prezidenti ilə görüş mühümdür.
"Sözsüz ki, prezidentlərin görüşü zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesi diqqət mərkəzində olacaq" - deyə o bildirib.
Fransa Rusiya və ABŞ ilə birlikdə iki Cənubi Qafqaz ölkəsiarasında 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranan münaqişənin nizamlanması üzrə yaradılan ATƏT-in Minsk qrupunun həmsədridir. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Məmmədovun sözlərinə görə, qarşıdakı səfər zamanı ikitərəfli əməkdaşlıq üzrə hər hansı bir sənədin imzalanması gözlənilmir,belə ki, səfər işgüzar mahiyyət daşıyacaq. O əlavə edib ki, Azərbaycan prezidenti cari ilin əvvəlində artıq bir dəfə Fransaya rəsmi səfər edib və səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.