...

Solçu partiya artıq sağ müxalifətlə əməkdaşlığı əhəmiyyətsiz hesab edir

Siyasət Materials 3 Dekabr 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bir müddət əvvəl təmsil olunduğu məşvərət qurumundakı partiyalarla əməkdaşlığı artıq mənasız hesab edir. Bu barədə Araz Əlizadə Trend ə açıqlamasında bildirib.

Bu ilin yayında müxalifəti təmsil edən altı təşkilat - "Azərbaycan Naminə İctimai Forum", ADP, AMİP, ASDP, Müsavat və Tərəqqi partiyaları birlikdə mütəmadi olaraq müzakirələr apamaq qərara gəliblər. Məşvərət qurumunun ayda bir və ya iki dəfə toplantısı keçirilir. ASDP ötən ay məşvərət qurumunu tərk edib. Əlizadənin sözlərinə görə, o, ASDP ilə məşvərət qurumunda təmsil olunan digər partiyaların mövqeyinin uzlaşmadığını müşahidə edib: "Mən əmin oldum ki, nə onların, nə də mənim mövqeyim dəyişib" - deyə Əlizadə bildirib. Lakin hansı məsələlərdə və nə üçün digər partiyalarla razılaşmadığını açıqlamayıb.

ASDP rəhbəri əlavə edib ki, məşvərət qurumunda iki partiyanın - ADP və Müsavatın noyabrda "Azadlıq" blokunda təmsil olunan AXCP və Liberal Partiya ilə danışıqlara getməsi onun etirazına səbəb olub.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə noyabrın 7-8 və 9-da Bakıda Avropa Şurası Venesiya Komissiyası və İFES-in təşkilatçılığı, iqtidarın, siyasi partiyaların nümayəndələrinin iştirakı ilə müzakirələr keçirilib. ADP, Müsavat, AXCP və ALP birgə bəyanat verərək həmin toplantını boykot ediblər.

Əlizadə bildirib ki, məşvərət qurumundakı partiyalardan xəbərsiz ADP və Müsavatın bu addımı atmasından sonra onlarla bir qurumda təmsil olunmasını əhəmiyyətsiz hesab edir.

Əlizadənin fikirləri ilə bağlı Trend ə açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, ASDP rəhbərinin ittihamları əsassızdır: "Çünki biz - ADP və Müsavat məşvərət qurumunda əvvəldən bildirmişdik ki, seçki qanunvericiliyi ilə bağlı "Azadlıq" blokundakı partiyalarla ortaq mövqe nümayiş etdirəcəyik və digər partiyalardan da buna razılıq almışdıq. Ona görə də Araz Əlizadənin buna etiraz olaraq məşvərət qurumunu tərk etməsi uydurma və əsassız səbəbdir" - deyə Cəlaloğlu bildirib.

O əlavə edib ki, 4 partiyanın birgə bəyanat yayaraq tədbiri boykot etməsini vaxt çatışmazlığı baxımından məşvərət qurmundakı partiyalara xəbər verə bilməyiblər.

ASDP ilə qurumdakı partiyaların mövqeyinin uzlaşmamasına gəldikdə, Cəlaloğlu bildirib ki, bu da əsassız səbəbdir, çünki müxtəlif ideologiyalı partiyaların fikirlərinin tam üst-üstə düşməsi mümkün deyil, fikir müxtəlifliyi isə demokartik cəmiyyətdə normal haldır.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Araz Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

ADP və məşvərət qurumundakı digər partiyalar sağ təmayüllü müxalifət partiyalarıdır.

Xəbər lenti

Xəbər lenti