Rusiya, Moskva / Trend , müxbir R.Ağayev / Cümə axşamı Moskvada İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 11-ci iclasının açılışında Rusiya hökuməti Baş nazirinin müavini Sergey Narışkin bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafı ticarət-iqtisadi əməkdaşlığın reallaşmasına müsbət təsir göstərir.
"MDB məkanında Azərbaycanın iqtisadiyyatı ən heyrətamiz tepmlərlə inkişaf edir" - deyə Narışkin bildirib. Narışkinin sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı nə qədər güclü olarsa, Rusiya tərəfi bu ölkə ilə əməkdaşlıqda bir o qədər maraqlı olar.
"Komissiya iki ölkə arasında əməkdaşlığa mane olan müxtəlif baryerlərin aradan qaldırılmasına kömək edən məsələlərin ikitərəfli şəkildə müzakirəsi üçün, bir növ, meydana çevrilib" - deyə Baş nazirin müavini bildirib.
Narışkin Azərbaycanda Rusiya ilinin, Rusiyada Azərbaycan ilinin yüksək səviyyədə təşkil olunması ilə bağlı məmnunluğunu bilidirib.
Narışkin ticarət dövriyyəsi ilə bağlı da misal gətirib. Onun sözlərinə görə, 2006-cı ildə ticarət dövriyyəsi 1,6 mlrd. dollar təşkil edib, 2007-ci ildə isə, Rusiyadan Azərbaycana qaz nəqlinin dayandırılmasına baxmayaraq, ticarət dövriyyəsində artım müşahidə olunub. Komissiyanın Rusiya tərəfinin sədri hər iki ölkə üçün sərfəli olan ikitərəfli əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayıb.
Azərbaycan tərəfindən komissiyanın iclasında Baş nazirin müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti çıxış edir.