...

İctimai təşkilatların mitinqi və əhali ilə görüşü təxirə salındı

Siyasət Materials 19 Dekabr 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ İctimai təşkilatların dekabrın 22-də Bakının "Ukrayna" meydanında keçirməyi planlaşdırdığı mitinq və dekabrın 23-də Bibiheybət qəsəbəsində əhali ilə görüşü, icazə verilmədiyi üçün, təxirə salındı. Bu barədə çərşənbə günü Trend ə aksiyanın təşkilatçılarından olan Azərbaycan Naminə Forumun rəhbəri Eldar Namazov məlumat verib.

Altı ictimai təşkilat Azərbaycanda insan haqlarının, söz azadlığının məhdudlaşdırılmasına, jurnalistlərin həbsinə etiraz olaraq, dekabrın 22-də "Ukrayna" meydanında mitinq, həmçinin, dekabrın 23-də "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionunda sakinlərlə görüş keçirməyi planlaşdırırdı. Təşkilatçılar ötən həftənin bazar ertəsi Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edərək, bu barədə məlumat veriblər.

Lakin Bakı Şəhər İcra Hakimiyyəti bu gün "Ukrayna" meydanında mitinqə və Bibiheybətdə əhali ilə görüşə icazə vermədiyinibildirib. Əvəzində, 22 dekabr mitinqini Bibiheybətdə yerləşən stadionda keçirməyi təklif edib. "Ukrayna" meydanında mitinqə icazə verilməməsinin səbəbini göstərməyib.

Namazov bildirib ki, Bibiheybət stadionu mitinq keçirməyə yararsız olduğundan, tədbir təxirə salınır. Bibiheybət sakinləri ilə görüşə çalışacaqlar, dekabrın 23-də qəsəbənin məhəllələrində camaatla görüş keçirəcəklər.

Bakı Şəhər İcra Hakimiyyətinin cavabından sonra aksiya təşkilatçılarının hazırladığı bəyanatda bildiriblər ki, paytaxt rəhbərliyinin bu hərəkətini qanun pozuntusu kimi qiymətləndirirlər: "Bakı Şəhər İcra Hakimiyyəti bu qərarı ilə vətəndaşların sərbəst toplaşması üçün onlara ən yararsız yerlərin göstərilməsi ənənəsini qoymaq istəyir"-deyə Trend -ə daxil olan bəyanatda bildirilir.

Təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinə təkrar müraciət edərək, mitinqlər keçirilməsi üçün ayrılan yerlərin siyahısını yanvarın 10-dək rəsmən açıqlamağı tələb edəcəklər.

Bakı Şəhər İcra Hakimiyyəti həmin ictimai təşkilatçıların dekabrın 8-də "Ukrayna" meydanında keçirmək istədiyi mitinqə də icazə verməmiş, əvəzində, "Neftçi" İdman-Sağlmalıq Mərkəzinin Bibiheybətdə yerləşən stadionunu təklif etmişdi. Lakin təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinə təkrar cavab yazaraq, həmin stadionun yararsız vəziyyətdə olduğunu bildirmişdilər.

Mitinqin təşəbbüskarları Azərbaycan Naminə Forumun rəhbəri Eldar Namazov, Azərbaycan Ziyalı Hərəkatı, "Dalğa" gənclər hərəkatı, bir neçə hüquq müdafiəçisi və başqa qurumlardır.

Bakı Şəhər İcra Hakimiyyətinin ötən il mitinqlərin keçirilməsi üçün ayırdığı yerlərin siyahısında "Ukrayna" meydanı da var idi.

Xəbər lenti

Xəbər lenti