Azərbaycan, Bakı 30 yanvar / Trend müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin yaz sessiyasında Seçki Məcəlləsinə dəyişiklik ediləcək. "Azərbaycan hökuməti ilə beynəlxalq təşkilatlar arasında Seçki Məcəlləsinin bir sıra müddəalarının dəyişdirilməsi üzrə razılıq əldə olunub", -deyə çərşənbə günü keçirdiyi mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
Onun sözlərinə görə, Seçki Məcələsinin təkmilləşdirilməsi üçün Azərbaycan hökuməti və beynəlxalq təşkilatların nümayəndələrinin daxil olduğu İşçi qrupun növbəti iclası fevralın əvvəllərində Bakıda keçiriləcək.
Mirzəyev qeyd edib ki, Seçki Məcəlləsində ediləcək dəyişikliklər seçkilər müddətində və səsvermə günü seçki komissiyalarına daxil olan şikayətlərin operativ şəkildə baxılmasını və həlil edilməsini nəzərdə tutur.
"Fevralda keçiriləcək danışıqlar uğurla nəticələnsə, layihə üzərində işi başa çatdırıb, prezidentə təqdim etmək və bundan sonra parlamentdə müzakirəyə çıxarmaq olar", - deyə Milli Məclis Aparatının rəhbəri əlavə edib.
Parlamentin yaz sessiyası fevralın 1-də başlayır.