Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir E.Hüseynli/ ATƏT-in fəliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 14-də Azərbaycanın Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə günü Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.
Məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri İmre Palatinus və Jaslan Nurtazin keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Miroslav Vımetal keçirəcəklər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]