...

"Azadlıq" blokunun tərəfdarları prezident seçkisində ADP-nin namizədinə dəstək verəcəklər – partiya sədri

Siyasət Materials 18 Fevral 2008 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir S.İlhamqızı/ Prezident seçkisini boykot edən "Azadlıq" blokunun tərəfdarları Azərbaycan Demokrat Partiyasının namizədinə dəstək verəcəklər. Bu fikirləri Trend ə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bilidrib.

ADP Ali Məclisinin şənbə günü keçirilən sessiyasında builki prezident seçkisində iştirak etmək və partiyanın sədri Cəlaloğlunun prezidentliyə namizədliyinin irəli sürülməsinə dair qərar çıxarılıb.

Müxalifət düşərgəsində üç partiyanın - AXCP, ALP və VİP-in təmsil olunduğu "Azadlıq" bloku siyasi vəziyyətin dəyişməyəcəyi, bütün namizədlər üçün əlverişli seçki şəraiti yaradılmayacağı təqdirdə bu ilin oktyabrında keçiriləcək prezident seçkisini boykot edəcəyini açıqlayıb.

Prezidentliyə namizəd olmağa qərar verən Cəlaloğlu hesab edir ki ki, "Azadlıq" blokunun boykot taktikası effektli nəticə verməyəcək: "Onların aktiv boykota nail olmağa gücü çatmayacaq. Əksinə, "Azadlıq" blokunun öz tərəfdarlarının əksəriyyəti seçkidə ADP-nin namizədinə səs verəcəklər"-deyə Cəlaloğlu bildirib.

"Azadlıq" blokunda isə hesab edirlər ki, müxalifətin, o cümlədən də ADP-nin seçkidə iştirakının mənası yoxdur.

"ADP ilə bizim seçkiyə münasibətdə mövqelərimiz fərqlənir, biz əhalini aktiv şəkildə boykota çağıracağıq. Çünki "Azadlıq" bloku seçki adı ilə keçiriləcək kampaniyanın tərkib hissəsi olmaq istəmir"- deyə "Azadlıq" blokunun həmsədri Əli Əliyev Trend ə açıqlamasında bildirib.

Əliyevin sözlərinə görə, "Azadlıq" blokuna daxil olan partiyaların üzvlərinin səsvermədə iştirak etdiyini, həmçinin ADP-nin namizədinə səs verib-vermədiyini müəyyənləşdirmək mümkün olmayacaq: "Çünki bizim fikrimizcə, seçki qutularında olan səslərlə protokollarda yazılanlar üst-üstə düşməyəcək"-deyə blokun həmsədri bildirib.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Ötən ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

"Azadlıq" blokundakı partiyalardan Trend ə verilən məlumatlara görə, AXCP-nin 47 min, VİP-in 4 min, ALP-nin 40 min nəfər üzvü var. MSK-nın rəsmi məlumatına görə, Azərbaycan seçicilərinin sayı 4 milyon 600 min nəfərdir. "Azadlıq" blokunun ümumilikdə 91 min nəfər tərəfdarı ümumi seçicilərin 2 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti