...

Müxalifət bloku siyasi partiyaların yenidən qeydiyyatdan keçirilməsi təklifinə etiraz edir

Siyasət Materials 23 Fevral 2008 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir S.İlhamqızı/ Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" blokunda hesab edirlər ki, siyasi partiyaların yenidən qeydiyyatdan keçirilməsi barədə çağırış partiyaların fəaliyyətini məhdudlaşdırmağa yönəlib.

"Bu təşəbbüs müxalifət partiyalarını sıradan çıxarmaq üçün edilən növbəti cəhddir" - deyə "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Trend ə açıqlamasında bildirib.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ölkədə fəaliyət göstərən siyasi təşkilatların yenidən dövlət qeydiyyatından keçirilməsini tələb edir. "Azərbaycanda partiya yaratmaq alver predmetinə çevrilib. Kimi pula partiya satır, digəri partiya alır. Bu məsələlərə son qoymaq üçün "Siyasi partiyalar haqqında" qanun layihəsi qəbul edilməlidir" - deyə Milli Məclisin cümə günü keçirilən iclasında YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Novruzov qeyd edib ki, qanuna müasir tələblərə uyğun müddəalar daxil edilməlidir: "Partiyalar yenidən qeydiyyatdan keçirildikdən sonra prezident seçkisində iştirak etmək üçün namizəd irəli sürə bilər. Hansısa siyasətçi bəyan edir ki, seçkilərdə iştirak etmək üçün blok yaradıb və orada 20 partiya təmsil olunur. Amma o partiyalarda sədrdən başqa heç kim təmsil olunmur"-deyə Novruzov bildirib.

"Azadlıq" blokunun həmsədri bildirib ki, siyasi partiya rəhbərlərinin öz tərəfdarları ilə görüşlərinə imkan verilmir, partiyalar qərargahla təmin olunmur, onların maliyyə qaynaqları qapadılır. Onun fikrincə, partiyaların fəaliyyətinin məhdudlaşdırılmasını rəsmiləşdirmək üçün növbəti cəhd partiyaları qeydiyyatdan məhrum etmək ola bilər: "Partiyaların qeydiyyatına yenidən baxılması təklifi mənim fikrimcə, məhz bu məqsədi güdür və əgər tətbiq ediləcəksə, bu, qanun pozuntusu olacaq. "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilərsə, bu, yeni yaradılan və qeydiyyatı olmayan partiyalara aid edilə bilər"-deyə Əliyev bildirib.

Azərbaycanda "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti