...

Seçki pozuntusuna görə ən sərt cəza tədbirləri Azərbaycanda görülür – MSK sədri

Siyasət Materials 28 Fevral 2008 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir S.İlhamqızı/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov hesab edir ki, seçki komissiyalarının indiki tərkibi ilə azad, demokratik seçki keçirilməsinin mümkün olmaması barədə müxalifətin iddiaları əsassızdır. Trend in məlumatına görə, Pənahov bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Müxalifət partiyaları hesab edir ki, seçki komissiyaları hakimiyyətin nəzarəti altındadır və bu komissiyalarla şəffaf, ədalətli, demokratik seçki keçirmək mümkün deyil.

Pənahov qeyd edib ki, seçkinin demokratik keçirilməsi təkcə bir qurumdan asılı deyil. Çünki seçki prosesində 4 milyon 600 mindən çox insan iştirak edir.

MSK sədrinin fikrincə, seçkinin demokratik keçməsi üçün bütövlükdə cəmiyyətdə demokratik əhval-ruhiyyə olmalıdır.

"Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda seçki müşahidəçilərinə geniş səlahiyyət verilir. Seçki pozuntularına görə heç bir ölkədə Azərbaycandakı qədər sərt cəza tədbirləri görülmür. Ona görə də seçkinin demokratik olmaması iddiası absurddur"-deyə Pənahov bildirib.

2005-ci il parlment seçkisində seçki pozuntusuna yol verdiyinə görə iki nəfər - 42 saylı Sumqayıt ikinci və 9 saylı Binəqədi ikinci seçki dairəsinin sədri həbs olunmuşdu. 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 90 saylı Ağdaş seçki dairəsinin, 61 sayl Neftçala dairəsinin 3 məntəqəsinin barəsində şikayətlər Baş Prokurorluğa təqdim edilib.

Yol verdiyi pozuntulara görə 9 saylı Binəqədi 2-ci, 38 saylı Nizami 2-ci Gəncə, 42 saylı Sumqayıt 2-ci, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd və 125 saylı Zəngilan-Qubadlı seçki dairələrinin dairə seçki komissiyalarının tərkibi buraxıldı.

Seçki prosesinə müdaxilə etdiyinə görə Zaqatala və Sabirabad rayonlarının icra başçıları vəzifələrindən azad edildilər.

2005-ci il parlament seçkilərində MSK ümumilikdə 4 seçki dairəsi üzrə 460 seçki məntəqəsinin nəticələrini etibarsız sayıb.

Xəbər lenti

Xəbər lenti