...

PKK problemi dialoq yolu ilə həll edilməlidir - İraqın sabiq baş naziri

Siyasət Materials 28 Fevral 2008 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir R.Hafizoğlu/ İraq Xalq Cəbhəsi Partiyasının lideri İyad Əllavi hesab edir ki, Türkiyə ordusunun İraqın şimalındakı PKK terrorçularına qarşı keçirdiyi hərbi əməliyyatların dialoq ilə əvəz olunması daha effektiv ola bilər.

"Biz problemin danışıqlar yolu ilə həll edilməsini istəyirik" - deyə İraqın sabiq baş naziri Əllavi cümə axşamı İraqdan elektron poçt vasitəsilə Trend a bildirib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan fevralın 23-dən etibarən Türkiyə ordusunun İraqın şimalındakı genişmiqyaslı hərbi əməliyyatlarının səbəbini şərh edərkən, ölkəsinin İraqın şimalını işğal etmək deyil, PKK terrorçularına qarşı qələbə əldə edənədək mübarizə aparmaq istədiyini bildirib.

Onun fikrincə,Türkiyə hökumətinin üçtərəfli danışıqlara getməsi problemin tez bir zamanda həlli ilə nəticələnə bilər.

Əllavinin fikrincə, problemin həlli üçün İraq hökuməti də PKK terrorçuları tərəfindən ölkə ərazisinin Türkiyə əleyhinə istifadə edilməsinə imkan verməməlidir. "Türkiyə və İraq üçtərəfli danışıqlara başlamalıdır. Danışıqlarda Kürdüstan əyalətinin lideri, İraq hökuməti və Türkiyə nümayəndələri həmçinin BMT-dən bir təmsilçi iştirak etməlidir" - deyə Əllavi qeyd edib.

O, regiondakı problemin həlli üçün İslam Konfransı Təşkilatı kimi nüfuzlu qurumun rolunu da istisna etmir. "PKK probleminin hərb yolu ilə həlli və qonşu dövlətin ərazilərinə hücum tez bir zamanda dayandırılmalıdır. Əks halda, stabilliyə nail ola bilməyəcəyik" - deyə İraqın keçmiş baş naziri qeyd edib.

Almaniyada fəaliyyət göstərən "Al-İraqPrees" agentliyinin direktoru Abdulla əl-Cuburinin fikrincə, İraq rəsmilərinin böyük bir qismi kürdlərin təsiri altındadır və PKK problemini həll etmək istəyində deyillər. Əl-Cuburi çərşənbə qünü Trend a açıqlamasında bildirib ki, "Əslində, İraq hökuməti PKK probleminin həlli istiqamətində Türkiyə hökuməti ilə əməkdaşlıq etməlidir. Çünki İraq və Türkiyə sərhədlərində yeni kürd dövlətinin yaranması regionda sabitliyi təhlükə altına sala bilər".

Türkiyənin "Radikal" qəzetinin eksperti Fehim Taştekinin fikrincə, İraq hökumətinin Türkiyədən ölkənin şimalındakı hərbi əməliyyatları dayandırmaq və qoşunları çıxarmaq tələbi mənasızdır. "Keçirilən hərbi əməliyyatları ABŞ dəstəklədikdən sonra, nəinki kürdlərin idarəçiliyi olan şimalda, Bağdadda belə heç bir nüfuzu olmayan İraq hökumətinin etiraz etməsinin mənası yoxdur " - deyə o, çərşənbə qünü Trend a açıqlamasında bildirib.

Fevralın 28-də ABŞ-in müdafiə naziri Robert Qeyts Türkiyədən İraqın müstəqil dövlət olduğunu nəzərə alaraq, keçirilən hərbi əməliyyatları dayandırmasını istəyib.

İraq hökumətinin verdiyi rəsmi açıqlamada Türkiyə ordusunun İraqın şimalında apardığı hərbi əməliyyatların İraqın müstəqilliyi üçün təhlükə olduğu bildirilib və ordunun İraq ərazisindən tez bir zamanda çıxarılması tələb olunub.

PKK terrorçuları 1984-cü ildən etibarən Türkiyənin cənub-qərbində müstəqil kürd dövləti yaratmaq məqsədilə silahlı mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti