...

Cəlal Təlabaninin Türkiyəyə səfəri PKK-ya qarşı birgə mübarizənin başlanğıcıdır - İraqın millət vəkili

Siyasət Materials 8 Mart 2008 14:39 (UTC +04:00)
Cəlal Təlabaninin Türkiyəyə səfəri PKK-ya qarşı birgə mübarizənin başlanğıcıdır - İraqın millət vəkili

Azərbaycan, Bakı, 08 mart / Trend , müxbir R.Hafizoğlu / İraq prezidenti Cəlal Təlabaninin Abdulla Gül ilə Ankarada görüşməsi hər iki ölkədə PKK və digər terrorçu qruplara qarşı birgə mübarizənin başlanğıcı kimi dəyərləndirilir. "Cəlal Təlabaninin Ankara səfəri nəinki PKK-çılara qarşı, həm də digər terrorçu qruplara qarşı mübarizənin əsasını təşkil edir" - deyə İraqın millət vəkili Fövzi Əkrəmoğlu Trend a bildirib.

"Əl-Cəzirə" telekanalının martın 8-də verdiyi məlumata görə, İraq prezidenti Təlabani türkiyəli həmkarı ilə Ankarada keçirilən görüşündə türk ordusunun İraqın şimalından çıxmasını yüksək qiymətləndirib və PKK terrorçularına ya təslim olmaq, ya da ölkənin şimalını tərk etməyi məsləhət görüb.Təlabani bundan sonra İraq hökumətinin PKK terrorçular tərəfindən ölkənin şimalının Türkiyə əleyhinə istifadə olunmasına imkan verməyəcəyini bildirib.

İraqlı deputatın fikrincə, Təlabaninin bu bəyanatı PKK terrorçularının fəaliyyətini məhdudlaşdıracaq. "Bu bəyanatdan sonra PKK terrorçularının vəziyyəti gərginləşəcək" - deyə Əkrəmoğlu şənbə günü Kərkükdən telefonla bildirib.

O hesab edir ki, Təlabaninin PKK terrorçularına qarşı rəsmi bəyanatı İraq hökumətinin terrora qarşı mübarizəyə hazır olduğunu göstərir. "Təlabaninin Türkiyə səfəri terrora qarşı birgə mübarizənin başlanğıcıdır" - deyə iraqlı millət vəkili qeyd edib.

Türkiyəli politoloq Şanlı Bahadır Koç da hesab edir ki, İraq prezidentinin Abdulla Gülün dəvətini qəbul edərək Ankaraya gəlməsi çox müsbət addımdır. "İraq prezidentinin PKK-ya qarşı bəyanatı simvolik olsa da, bu vaxta qədər atılan ən ciddi addımdır" - deyə Bahadır şənbə günü İstanbuldan telefonla Trend a bildirib.

Onun fikrincə, Təlabaninin Türkiyəyə səfəri İraqın şimalında keçirilən hərbi əməliyyatlardın əvvəl həyata keçsəydi, daha yaxşı olardı. "Təlabaninin səfərinin indi gerçəkləşməsi İraqın şimalında keçirilən hərbi əməliyyatların qüvvəsini azaltdı" - deyə o qeyd edib.

Politoloqun fikrincə, Türkiyə İraqın şimalındakı hərbi əməliyyatlarla yanaşı, iqtisadi embarqolar da tətbiq edə bilərdi. "İraqın şimalı iqtisadi cəhətdən tam olaraq Türkiyədən asılı vəziyyətdədir" - deyə Bahadır bildirib. O hesab edir ki, keçirilən danışıqlara Türkiyənin deyil, İraqın ehtiyacı var.

Fevralın son həftəsində türk ordusu 10 minlik qoşunla İraqın şimalındakı PKK terrorçularına qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin İraqın şimalını işğal etmək yox, PKK terrorçularına qarşı qələbə əldə edənədək mübərizə aparmaq niyyətində olduğunu bildirib. İraq hökumətinin verdiyi rəsmi açıqlamada isə türk ordusunun İraqın şimalında apardığı hərbi əməliyyatların İraqın müstəqilliyinə təhlükə olduğu və ordunun İraq ərazisindən tez bir zamanda çıxarılması tələb edilmişdi.

Türkiyə prezidenti Gül türk ordusunun İraqın şimalında PKK terrorçularına qarşı apardığı hərbi əməliyyatları müzakirə etmək üçün iraqlı həmkarı Təlabanini Ankaraya dəvət etdi.

PKK terrorçuları 1984-cü ildən etibarən Türkiyənin cənub-qərbində müstəqil kürd dövlətinin qurulması üçün silahlı mübarizə aparırlar. KİV-in verdiyi məlumata görə, toqquşmalar nəticəsində bu günədək ölənlərin sayı 37 min nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti