Azərbaycan, Bakı, 11 mart / Trend / Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çərşənbə axşamı Beynəlxalq Tennis Federasiyasının prezidenti Françesko Riçi Bittini və Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişevi qəbul edib.
Dövlət başçısı ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini, son illər bu sahəyə dövlət tərəfindən böyük diqqət göstərildiyini, ayrı-ayrı regionlarda dünya standartlarına uyğun müasir idman infrastrukturunun yaradıldığını bildirib. Prezident Əliyev Azərbaycanda tennisin inkişafı üçün də müasir infrastrukturun yaradılacağına əminliyini söyləyib.
Ölkəmizdə tennisin böyük ənənəyə malik olduğunu vurğulayan Beynəlxalq Tennis Federasiyasının prezidenti Bitti Azərbaycan tennis məktəbinin Əhmərov, Lixaçov, Biryukova kimi yetirmələri olduğunu xatırladıb. O, bu sahənin inkişaf etdirilməsi üçün ölkəmizdə əsaslı bazanın olduğunu vurğulayıb. Bitti Azərbaycanda idmana göstərilən böyük diqqətin tennisin inkişafında da mühüm rol oynayacağına əminliyini bildirib.