...

Azərbaycanın hakim partiyası prezidentliyə namizədlərə ayrılan vəsaitin artırılmasını istəyir

Siyasət Materials 18 Aprel 2008 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı 18 aprel/ Trend , müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezident, parlament və bələdiyyə seçkiləri zamanı namizədlərin seçki kampaniyasının maliyyələşdirilməsi üçün ayrılan pulun artırılmasını tələb edir. "Azərbaycanın Seçki Məcəlləsi prezidentliyə namizədin seçki kampaniyasına bir milyon dollardan artıq pulun xərclənməsini qadağan edir. Müasir dövrdə bir milyon dollara dünya standartlarına uyğun seçki kampaniyası aparmaq mümkün deyil" cümə günü Trend a YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

YAP rəsmisi qeyd edib ki, Seçki Məcəlləsinə seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı dəyişiklik edilməlidir.

Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı bir neçə il davam edən müzakirələr aparıblar. Məcəlləyə ediləcək dəyişikliklərlə bağlı layihə hazırlanıb və parlamentə göndərilib. Məsələ yaxın günlərdə müzakirəyə çıxarılacaq.

Hökumət Venesiya Komissiyasının irəli sürdüyü bir sıra ideyaları, əsasən də seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı təklifi qəbul etməyib.

Dəyişikliklər müxalifəti də qane etmir. Müxalifət seçki komissiyalarının hakimiyyət və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsasda formalaşdırılmasını istəyir.

Novruzov deyib ki, Seçki Məcəlləsinə görə, deputatlığa namizədlər seçki kampaniyası dövründə 70-80 min dollardan artıq pul xərcləyə bilməzlər. "Halbuki, televiziyalarda üç dəfə təbliğat çıxışı etməyin xərci 70-80 min dollardan bahadır. Ona görə də istər prezident, istərsə də parlament seçkiləri zamanı namizədlər öz seçki kampaniyalarını qeyri-qanuni yollarla maliyyələşdirməyə məcbur olurlar. Bunun qarşısını almaq üçün seçki kampaniyasının maliyyələşdirilməsi üçün ayrılan pulun həcmi artırılmalıdır" Novruzov əlavə edib.

O vurğulayıb ki, Seçki Məcəlləsinə əlavə və dəyişiklik edilməsi məsələsi parlamentdə müzakirə olunan zaman hakim partiyanı təmsil edən deputatlar seçki kampaniyasının maliyyələşdirilməsi üçün ayrılan pulun artırılması təklifi ilə çıxış edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti