...

Avropa Şurası Azərbaycanı prezident seçkisini standartlara uyğun keçirməyə çağırıb

Siyasət Materials 24 Aprel 2008 14:14 (UTC +04:00)
Avropa Şurası Azərbaycanı prezident seçkisini standartlara uyğun keçirməyə çağırıb

Fransa, Strasburq, 24 aprel/ Trend , müxbir A. Məhərrəmli, İ.Əlizadə/ Avropa Şurası Nümayəndələr Komitəsi Azərbaycan hakimiyyətini oktyabrda keçiriləcək prezident seçkisinə hazırlıq səviyyəsini artırmağa, seçkini tam Avropa norma və standartlarına uyğun keçirməyə çağırıb. "Avropa Şurasının seçkilərə hazırlıq işinə yardımın həyata keçirilməsini nəzərdə tutan fəaliyyət planında olduğu kimi, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, "Sərbəst toplaşmaq azadılığı haqqında" qanun layihəsinin qısa müddətdə qəbul edilməsi vacibdir", - deyə çərşənbə axşamı Strasburqda Avropa Şurası Nümayəndələr Komitəsinin növbəti iclasında "Aqo" monitorinq qrupunun 2-4 aprel tarixlərində Azərbaycana səfəri ilə bağlı məruzənin ilkin müzakirəsi zamanı bildirilib.

Bu barədə cümə axşamı Trend -a Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olan zaman öz üzərinə bir sıra öhdəliklər götürüb. Öhdəliklərin həyata keçirilməsinə nəzarət etmək üçün monitorinq qrupu yaradılıb.

"Aqo" qrupunun üzvləri Azərbaycana səfər zamanı seçki qanunu və praktikası, söz və mətbuat azadlığı, siyasi məhbus hesab edilən şəxslərlə bağlı məsələlərə xüsusi diqqət yetirdiklərini vurğulayıblar.

"Aqo" qrupunun sədri Azərbaycana səfər zamanı 2008-ci il oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı görülən və görüləcək işlərlə maraqlandıqlarını bildiribö O, eyni zamanda, yeni Seçki Məcəlləsinin qəbulu ilə bağlı Azərbaycan hökuməti və Venesiya Komissiyası arasında aparılan danışıqlar haqqında ümumi məlumat verib. Qrupun sədri qeyd edib ki, Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunu artıq Venesiya Komissiyası ilə razılaşdırılıb və ilkin layihə həm Azərbaycan hakimiyyətini, həm də Venesiya Komissiyasını qane edir. Hər iki qanun layihəsinin may ayının əvvəlində qəbul edilməsi gözlənilir.

Eyni zamanda, Azərbaycanda "Altenativ xidmət haqqında" qanunun Avropa standartlarına uyğun olaraq layihəsinin hazırlanması məsələsinin də gündəmdə durduğu bildirilib. Hesabatda siyasi məhbus hesab olunan şəxslərin azadlığa buraxılmaması ilə bağlı narahatlıq qeyd edilib və bu məsələnin birdəfəlik həll olunmasının zəruriliyi bildirilib. Bununla bərabər, 2007-ci ilin dekabr ayında Azərbaycan prezidenti tərəfindən imzalanan əfv fərmanı ilə altı jurnalistin azadlığa buraxılması yüksək qiymətləndirilib, daha uç jurnalistin də azad olunması ilə bağlı arzu ifadə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti