Azərbaycan, Bakı, 06 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif "Azadlıq" bloku Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmmərüzəçilərinin hazırladıqları məruzəyə etiraz edib. Bu barədə çərşənbə axşamı Trend -a blokun həmsədri, müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.
AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Yevgeniya Jivkova və Andres Herkel tərəfindən Azərbaycanla bağlı növbəti məruzə hazırlanır. "Azadlıq" blokunun Sədrlər Şurasının bu gün keçirilən iclasında məruzənin əsasını təşkil edəcək məlumat arayışı müzakirə edilib.
AŞ PA həmməruzəçiləri məruzəni ötən ilin fevralında Azərbaycana səfərərindən sonra hazırlayırlar. Azərbaycan haqqında məruzə AŞ PA-nın iyunda keçiriləcək yay sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.
Əliyev deyib ki, məruzədə əksini tapacaq müddəlar Azərbaycandakı vəziyyəti düzgün əks etdirmir. VİP sədri deyib ki, AŞ PA həmməruzəçilərinin məlumat arayışında Azərbaycan xalqının demokratiyaya hazır olmadığı bildirilir. Bundan başqa, ölkədə bir neçə ilə demokratiya qurmağın mümkün olmadığı iddia olunur. Hakimiyyətin isə, demokratik dəyişikliklərə hazır olduğu deyilir və bunun üçün səy göstərdiyi vurğulanır.
Əliyev bildirib ki, blokun etirazı sənəd şəklinə çalınaraq, həmməruzəçilərə təqdim olunacaq.
"Azadlıq" blokunda üç müxalifət - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyası təmsil olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]