Azərbaycan, Lənkəran, 9 may / Trend muxbir P.Əliyeva/ Masallıda əhalinin içməli su ilə təminatında görülən işlərin birinci mərhələsi başa çatıb. Bu mərhələdə rayon mərkəzində yaşayan əhalinin içməli suya olan tələbatı tam təmin edilib. Rayonun daxili imkanlar hesabına mərkəzə 5,5 km uzunluğunda su kəməri çəkilib.
Ümumilikdə hər bir küçədə 45 bulaq tikilib. Bu gün rayonun 7 kəndi- Ərkivan, Gəyəçöl, Şıxlar, Yeddioymaq, Qasımlı, Kalinovka və Qızılağac kəndləri içməli su ilə təmin edilib. İkinci mərhələdə isə Qarğalı, Həsənli, Xırmandalı, Hactəpə kəndləri içməli su ilə təmin ediləcək. Bununla da rayon əhalisinin içməli suya olan tələbatı tam təmin olunacaq.
Bu gün həmçinin Şərəfə kəndinə 15 ildən sonra təbii qazın verilməsi bərpa edilib. Qaz xəttinin əsaslı təmirindən sonra ilkin mərhələdə 420 evə sayğac qoyulub.
Yaxın günlərdə qalan 80 ev də təbii qazla təmin ediləcək. İlin sonuna kimi Kolatan, Sığdaş, Səmidxan, Alaşa, Sərçuvar və Boradigah qəsəbəsinin əhalisinin təbii qazla təmin olunması nəzərdə tutulub.