...

Azərbaycanda sərbəst toplaşmaqla bağlı müzakirələr başlayır

Siyasət Materials 12 May 2008 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti "Sərbəst toplaşmaq azadlığı haqqında" yeni qanun layihəsinin müzakirəsinə başlayır.

"Qanun layihəsi gələn həftə Azərbaycan Parlamentinin İnsan hüquqları daimi komissiyasında müzakirəyə çıxarılacaq. Müzakirələr mayın 19-20-nə planlaşdırılır", - deyə bazar ertəsi Trend -a açıqlamasında Parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

"Sərbəşt toplaşmaq azadlığı haqqında" qanunun yeni layihəsi Avropa Şurasının Venesiya Komissiyası və Azərbaycan hökuməti tərəfindən birgə hazırlanıb və dəyişikliklər ötən həftə Milli Məclisə göndərilib.

Yeni layihədə şəhər və rayon İcra Hakimiyyəti binaları qarşısında kütləvi aksiyaların keçirilməsi qadağan edilir. Azərbaycan müxalifəti və beynəlxalq təşkilatlar qanunun bu maddəsinə etiraz edirlər.

Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının birgə müzakirələrindən sonra "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Müxalifət isə hesab edir ki, qanunda aksiyalara yerli hakimiyyət qurumları tərəfindən icazə verilməsi məsələsinin saxlanılması doğru deyil. AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli Trend -a bildirib ki, yeni qanunda polisə əlavə səlahiyyətlər ayrılıb. Yəni polis aksiyanı yarımçıq saxlamaq hüququna malik olacaq.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, qanunda polisə əlavə səlahiyyətlərin verilməsi doğru deyil. "Əgər aksiya qeyri-qanuni keçirilərsə, yəni aksiya yerli hakimiyyət orqanı ilə razılaşdırılmayıbsa, polislər onun keçirilməsinin qarşısını alacaqlar", Mirzəyev əlavə edib.

Parlament rəsmisi qeyd edib ki, qanunda aksiyalara müvafiq dövlət qurumları tərəfindən icazənin verilməsi məsələsi saxlanılıb. "Qanunda göstərilib ki, aksiyaların keçirilməsi başqa insanların sərbəst hərəkətinə mane olmamalıdır. Bu hal olarsa, aksiyaların tələb olunan yerlərdə keçirilməsinə icazə verilməyəcək. Yerli hakimiyyət orqanları aksiya keçirmək istəyən qurumlara məsləhət verəcək ki, aksiyanı hansı ərazidə keçirə bilərlər. Bu, dünya praktikasında da belədir", Mirzəyev deyib.

Aslanova qeyd edib ki, komissiyada müzakirələr başlayandan sonra layihə Parlamentdə müzakirəyə çıxarılacaq: "Yeni qanun layihəsinin may ayında Parlament tərəfindən qəbul olunması planlaşdırılır".

Xəbər lenti

Xəbər lenti