...

Moskva simpoziumunda ləzgi xalqlarının Azərbaycana qarşı ərazi iddiaları irəli sürdüyü ədəbiyyat yayılır

Siyasət Materials 14 May 2008 16:59 (UTC +04:00)

Rusiya, Moskva, 14 may / Trend , müxbir R.Ağayev / Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyinin (RİN) nümayəndəsi Aleksandr Juravski hesab edir ki, "Qafqaz Albaniyası və ləzgi xalqları: tarixi-mədəni irs və müasirlik" Moskva Beynəlxalq simpoziumu elmi mahiyyət daşıyır və siyasi nüanslarla bağlı deyil.

"Bu tədbir son dərəcə elmi mahiyyətə maikdir və bütün çıxış edənlər bu yüksək elmi səviyyəni dəstəkləyir. İştirakçıların tərkibi göstərir ki, heç bir siyasi və inzibati-ərazi sərhədləri elm adamlarının onları maraqlandıran məsələləri müzakirə etməsinə qadağa qoya bilməz", - deyə azərbaycanlı jurnalistlərə Rusiya RİN-nin Beynəlxalq Münasibətlər Departamentinin müdiri Aleksandr Juravski çərşənbə günü Moskvada işə başlayan "Qafqaz Albaniyası və ləzgi xalqları: tarixi-mədəni irs və müasirlik" simpoziumunu şərh edərkən bildirib.

Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidmət Akademiyasının binasında keçirilən iki günlük toplantının təşkilatçısı Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyətidir (FLMMM).

Juravski simpoziumda Azərbaycana qarşı açıq və aydın şəkildə ərazi iddialarının əks olunduğu ədəbiyyatla bağlı şərh verməkdən imtina edib.

"Ləzgi və ləzgidilli xalqların müasir problemləri" kitabçası RF Dövlət Dumasının milli məsələlər üzrə Komitəsi və FLMMM tərəfindən keçirilən eyniadlı Dəyirmi masanın materialları əsasında nəşr olunub.

Ləzgi xalqının Milli Şurasının sədri, professor Q.Abdurahimovun "Cənubi Dağıstan xalqları inkişafının milli-mədəni xüsusiyyətləri" adlı məruzəsində "Ötən əsrin 20-ci illərində ləzgi xalqının zor tətbiq edilərək parçalanması və onlara qarşı etnosidin həyata keçirildiyini etiraf etmək" fikri açıq şəkildə bəyan edilir.

Burada, həmçinin, "RF və Azərbaycan Respublikası arasında sərhədlərin qeyri-qanuni delimitasiyasından və sərhədlərə yenidən baxılaraq Ləzgistanın yaradılması məqsədi ilə Azərbaycanın şimal rayonlarının Dağıstana birləşdirilməsi"dən də danışılır.

"Bu məsələ ilə bağlı heç bir şərh verə bilmərəm. Tədbir isə, yalnız elmi mahiyyət daşıyır. Burada aparılan mübahisələr tamamilə elmidir", - deyə simpozium zamanı Rusiyanın RİN rəhbəri Dmitri Kozakın adından təbrik məktubunu oxuyan RF-nın RİN Departamentinin müdiri bildirib.

Xəbər lenti

Xəbər lenti