Rusiya, Moskva, 14 may/ Trend , müxbir R.Ağayev/ Ləzgi xalıq keçmiş Qafqaz Albaniyası ərazisində yaşasa da, bu gün həmin ərazilər Azərbaycana məxsusdur. Erməni alim Babken Arutyunyan belə hesab edir. "Keçmiş Qafqaz Albaniyasının bəzi ərazilərində ləzgilərin yaşaması bir faktdır və hazırki vəziyyət belədir ki, bu ərazilər Azərbaycan dövlətinin tərkibinə daxildir." Ermənistan Elmlər Akademiyasının müxbir üzvü Babken Arutyunyan çərşənbə günü azərbaycanlı jurnalistlərə bildirib.
Mayın 14-də Moskvada, RF prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasının və Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin birgə təşkilatçılığı ilə Moskvada "Qafqaz Albaniyası və ləzgi xalqları: tarixi-mədəni irs və müasirlik" beynəlxalq simpoziumu keçirilir. Azərbaycan tərəfinin iştirakdan imtina etdiyi tədbir çərçivəsində, ləzgilərin Azərbaycana qarşı ərazi iddialarının irəli sürüldüyü ədəbiyyat yayılır.
"Biz burada elmi məsələləri müzakirə etmək üçün toplaşmışıq. Ərazi iddiaları isə, siyasi məsələlərdir",- Arutyunyan hesab edir.
O, Qafqaz Albaniyasının tarixinin və mədəni irsinin öyrənilməsi baxımından keçirilən tədbirə böyük əhəmiyyət verdiyini qeyd edib. "Qafqazın bütün xalqlarının Qafqaz Albaniyası ilə mədəni və siyasi əlaqələrə malik olmaları danılmaz faktdır. Belə ki, bu gün həmin ərazi Azərbaycanın tərkibindədir və bu ərazidə formalaşan Azərbaycan xalqı da, sözsüz ki, müəyyən əlaqələrə və substrata malikdir",- erməni alim bildirib.
Qafqaz Albaniyasına gəldikdə isə, Arutyunyanın rəyinə görə, hər şeydən əvvəl, onu qafqazdilli və iran tayfalarının federasiyası adlandırmaq olar. Belə ki, müəyyən dövrdə İran elementi üstünlük təşkil edib, lakin son nəticədə, qafqazdilli element güclənib. Erməni aliminin sözlərinə görə, bu dövlətin, sadəcə, bəxti gətirməyib. Belə ki, xalq tam formlaşmamışdı və buna görə də, tədricən assimilyasiyaya uğrayıb və Azərbaycan xalqının tərkibinə daxil olub.
Arutyunyanın fikrincə, bu simpoziumda toplaşan müxtəlif ölkələrin elmi cəmiyyətləri vəziyyəti siyasiləşdirməyə meylli deyillər və tarixi mövzularda elmi müzakirələr aparırlar. Onun sözlərinə görə, Qafqaz Albaniyası Qafqazdakı hazırki ərazi mübahisələrindən çox-çox əvvəl mövcud olub.
Arutyunyan hesab edir ki, saxtalaşdırma prosesini dayandırmaq çox çətindir.
"Bizim dövrümüzdə saxtalaşdırma yalnız Qafqazda deyil, həm də digər regionlarda kifayət qədər yayılıb", - erməni alimi etiraf edib.
FLMMM və RF Dövlət Dumasının milliyət işləri üzrə Komitəsi tərəfindən dərc edilən "Ləzgi və ləzgidilli xalqların müasir problemləri" kitabçasında ləzgi xalqının Milli Şurasının sədri, professor Q.Əbdürrəhimovun "ötən əsrin 20-ci illərində ləzgi xaqlının zorla parçalanması və ləzgi xalqına qarşı etnosidi tanımağa" səsləyən çağırışı öz əksini tapıb. Kitabçada, "RF və Azərbaycan Respublikası arasında sərhədlərin delimitasiyasının qanunsuzluğu, sərhədlərə yenidən baxılması və Ləzgistanın yaradılması məqsədilə Azərbaycanın şimal rayonlarının Dağıstana birləşdirilməsinin zəruriliyi" vurğulanır.
Bundan əlavə, simpozium çərçivəsində Dağıstan Respublikası Pedaqogika ETİ-nin əməkdaşı Qurban Xalikoviçin 2007-ci ildə Mahaçqalada nəşr olunmuş "Ləzgistan dünya xəritəsində" kitabı 300 rubla satılır. Bu kitabda Azərbaycan və azərbaycanlıların tarixi-mədəni irsi tamamilə ləzgiləşdirilib, azərbaycanlılar və Azərbaycanın özü isə, tarixi kontekstdə dövlət kimi, ümumiyyətlə, xatırlanmayıb.