Azərbaycan, Bakı, 15 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti komissiyalarının bu gün keçirilən birgə iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərlə bağlı layihə Parlamentin müzakirəsinə tövsiyə olunub.
Parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının cümə axşamı keçirilən birgə iclasında Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişiklikllər edilməsi ilə bağlı layihə müzakirə olunub.
Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun 1998-ci ildə qəbul edilib. 2005-ci ildən etibarən qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihənin hazırlanmasına başlanılıb. Avropa Şurası Venesiya Komissiyası 2007-ci ilin dekabrında təklif olunan əlavə və dəyişikliklərə müsbət rəy verib.
Qanuna edilən dəyişikliyə görə, toy və yas mərasimlərinin siyasi xarakterli kütləvi aksiya kimi keçirilməsi qadağan edilib. "Bundan əlavə, ziyarətgahlar, ibadətgahlarda və qəbirstanlıqlarda siyasi məzmunlu kütləvi toplantıların keçirilməsi məhdudlaşdırılacaq", cümə axşamı Parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komiSsiyalarının birgə iclasında Azərbaycanın Avropa Şurası Venesiya Komissiyasındakı nümayəndəsi Lətif Hüseynov bildirib.
Qanunun əvvəlki variantında toy və yas mərasimlərinin siyasi xarakterli kütləvi aksiya kimi keçirilməsi qadağan edilməmişdi. Lakin ziyarətgahlar, ibadətgahlarda və qəbirstanlıqlarda siyasi məzmunlu kütləvi toplantıların keçirilməsi qadağan olunmuşdu.
Müxalifətyönlü Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu toy və yas mərasimlərinin siyasi məzmunlu aksiya kimi keçirilməsinə qoyulan məhdudiyyətə etirazını bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]