...

Azərbaycan Parlamenti Rusiyada həbsdə olan deputat oğlunun işini araşdırır

Siyasət Materials 16 May 2008 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti Rusiyada həbsdə olan deputat İlyas İsmayılovun oğlu Etimad İsmayılovun işini araşdırır. "İlyas İsmayılov bizə müraciət etmişdi. Parlament rəhbərliyi hazırda bu işlə məşğuldur və imkanımız daxilində kömək edəcəyik", - deyə Azərbaycan Parlamentinin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

Millət vəkilinin oğlu Etimad İsmayılov martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. Onun barəsində Rusiya Cinayət Məcəlləsinin "çirkli pulların yuyulması" və "dələduzluq" maddələri ilə ittiham irəli sürülüb. Martın 27-də Çelyabinsk şəhər məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. FTX-nin qərarı ilə Etimad İsmayılovun barəsində başlanılmış cinayət işinin istintaqının müddəti avqustun 24-dək uzadılıb.

Azərbaycanlı iş adamı Etimad İsmayılov Rusiyada fəaliyyət göstərən "Avrasiya Sənaye-Maliyyə Qrupu" şirkətinin rəhbəridir.

Parlamentin iclasında müxalifətyönlu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, 20-yə yaxın deputat Etimad İsmayılovun işinə Moskva məhkəməsində baxılması ilə bağlı bir neçə ay əvvəl Rusiyanın o vaxtkı prezidenti Vladimir Putin və Dövlət Dumasının sədri Boris Qrızlova müraciət edib. Lakin bu müraciətə müsbət cavab verilməyib: "Rusiya vaxtilə Azərbaycanda ölüm hökmünə məhkum edilmiş vətandaşlarının təhvil verilməsini tələb edirdi. Azərbaycan Parlamenti deputat İlyas İsmayılovun oğlunun Rusiyada həbsdə saxlanılmasına biganə qalmamalıdır. Onun işinə Moskvada baxılması üçün Dövlət Dumasının rəhbərliyinə müraciət edilməlidir. Əgər ehtiyac yaranarsa, öz vətandaşımızın təhvil verilməsini tələb etməliyik".

Həsənquliyev qeyd edib ki, Rusiyada qanunlara əməl olunmur, ona görə də Etimad İsmayılovun işi narahatlıq yaradır.

Spiker Əsədov isə qeyd edib ki, Parlamentin Etimad İsmayılovun işi ilə bağlı Rusiyadan nə isə qəti şəkildə tələb etməsi mümkün deyil.

Xəbər lenti

Xəbər lenti