...

GUAM məkanında ticarət dövriyyəsi 10 milyard dollar təşkil edəcək

Siyasət Materials 29 May 2008 12:01 (UTC +04:00)
GUAM məkanında ticarət dövriyyəsi 10 milyard dollar təşkil edəcək

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir M.Əliyev/ Növbəti üç il ərzində GUAM ölkələri arasında ticarət dövriyyəsi 10 mlrd. dollara qədər artırılacaq. Bu barədə cümə axşamı Bakıda keçirilən "GUAM-ın inkişaf strategiyası" beynəlxalq konfransında təşkilatın Baş katibi Valeri Çeçelaşvili bildirib. 

Onun sözlərinə görə, ilin sonuna qədər Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova arasında ticarət dövriyyəsinin 4 mlrd. dollara qədər artacağı gözlənilir. "Bazar, mal və xidmətlərin qloballaşması şəraitində iqtisadi əməkdaşlıq daha çox əhəmiyyət kəsb edir və GUAM-a üzv ölkələr öz qarşılarına rəqabət qabiliyyətli iqtisadiyyat zonasının yaradılması vəzifəsini qoyub", - deyə GUAM-ın Baş katibi bildirib.

"Təşkilatın siyasi iradəsi və nüfuzu Xəzər regionu və Qara dəniz hövzəsində daha böyük layihələr həyata keçirməyə imkan verir", - deyə Çeçelaşvili vurğulayıb.

Yaxın vaxtlarda GUAM ölkələrinin bank məsələləri üzrə Koordinasiya Şurasının yaradılması planlaşdırılır. GUAM-ın Poti-Kerç dəmiryolu bərə keçidi üzrə layihəsinin hazırlanması üzərində də iş aparılır.

GUAM formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti