Azərbaycan, Bakı, 30 may/ Trend , müxbir S.Ağayeva/GUAM Gürcüstan-Abxaziya münaqişəsini nəzərdən keçirməyə hazırlaşmır.
"Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM"ın Baş katibi Valeri Çeçelaşvili cümə günü Bakıda jurnalistlərə bildirib ki, Gürcüstan-Abxaziya münaqişəsi ətrafındakı vəziyyətə daha ali forum - BMT Təhlükəsizlik Şurası baxmalıdır.
Baş katibin sözlərinə görə, indiyədək Gürcüstan tərəfindən GUAM-a Gürcüstan-Abxaziya münaqişəsi üzrə vəziyyətin nəzərdən keçirilməsinə dair müraciət daxil olmayıb.
Baş katib hesab edir ki, qaçqınların Abxaziyaya qaytarılması haqqında mayın ortalarında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamə BMT-nin problemə diqqət ayırdığından xəbər verir.
Qətnamə mətninə əsasən, Baş Assambleya "bütün qaçqınların və daxildə yerlərini dəyişmiş şəxslərin dərhal könüllü olaraq Abxaziyadakı (Gürcüstan) evlərinə qaytarılmasının və bunun təmin edilməsi üçün tezliklə qrafikin hazırlanmasına təcili zərurətin olduğunu vurğulayır".
Sənəd "BMT-yə üzv bütün dövlətləri onların yurisdiksiyasında olan şəxslərə, geri qayıdanların (qaçqınlar və daxildə yerdəyşişmə etmiş şəxslər) hüquqlarını pozaraq, Abxaziya (Gürcüstan) ərazisində əmlak almağa icazə verməməyə çağırır".
Rusiya Gürcüstanın layihəsinin Gürcüstan-Abxaziya münaqişəsinin daha da kəskinləşməsinə səbəb olacağını hesab edərək, bu layihənin əleyhinə çıxıb. Rusiyanın mövqeyini daha on dövlət dəstəkləyib: Ermənistan, Belarus, Venesuela, Hindistan, İran, KXDR, Myanma, Serbiya, Suriya, Sudan.
Apreldə Rusiyanın tanınmamış respublikanın əhalisinə həqiqi yardımın göstərilməsi haqqında bəyanatından sonra Abxaziya ətrafında vəziyyət ağırlaşıb. Son vaxtlar Suxumidə Gürcüstan silahlı bölmələrinin Abxaziya sərhədlərində cəmləşdiyini bildirirlər. Tbilisidə bunu inkar edirlər.
SSRİ dağıldıqdan sonra Gürcüstan SSR-in tərkibinə daxil olan Abxaziya öz müstəqilliyini elan edib. Gürcüstan 1992-ci ilin avqustunda Abxaziyaya qoşun yeridib, lakin silahlı müqavimətlə qarşılaşıb. Gürcüstanın Abxaziya üzərində nəzarəti itirməsinə gətirən hərbi münaqişə 1993-cü il avqustun 30-da başa çatıb. O zamandan etibarən Abxaziya öz müstəqilliyinin tanınmasına çalışır. Tbilisi Abxaziyaya Gürcüstanın tərkibində geniş muxtariyyət təklif edir.
Gürcüstan-Abxaziya münaqişəsi zonasında sülhü Rusiya hərbçilərindən formalaşdırılmış MDB-nin sülhün qorunması üzrə kollektiv qüvvələri dəstəkləyirlər. Münaqişənin nizamlanması üzrə danışıqlar 2006-cı ildə kəsilib.