...

Azərbaycanın müxalif partiyası Avropa Məhkəməsinə şikayət edəcək

Siyasət Materials 3 İyun 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir E.Babayev / Müxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İmişli rayon təşkilatının İdarə Heyətinin üzvü Musa Rahimin kassisiya şikayəti təmin edilməyib. Bu barədə çərşənbə axşamı Trend -a Ali Məhkəmədə keçirilən iclasdan sonra təqsirləndirilən şəxsin vəkili Ənnağı Məmmədli məlumat verib,

Trend -un arayışı: Rahim 2007-cı ildə həbs edilib. O, Cinayət Məcəlləsinin xuliqanlıq (221.3), hakimiyyət nümayəndəsinə qarşı müqavimət (315.1) maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil bildirib ki, hakim Vidadi Həşimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə tərkibi AMİP fəalı barəsində bəraətverici əsaslarla işin icraatına xitam verilməsinə dair şikayəti təmin etməyərək, Şirvan Apellyasiya Məhkəməsinin 16 yanvar 2008-ci il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlayıb. Vəkilin bildirdiyinə görə, Rahim barəsində çıxarılan məhkəmə qərarları qanunvericiliyin tələbləri kobud surətdə pozularaq çıxarıldığından, Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək. Müdafiə tərəfinin iddiasına görə, Rahimə qarşı ittihamlar əsassız olaraq irəli sürülüb. Rahim İmişli rayonunda baş verən özbaşınalığa, təhsildə korrupsiyaya qarşı çıxaraq evində aclıq aksiyası keçirib. Eyni zamanda, evinin üzərinə rayondakı özbaşınalıqlara etiraz olaraq şüarlar yapışdırıb. "Müdafiə etdiyim şəxs təhsil sahəsindəki çatışmazlıqlara etiraz olaraq övladlarını məktəbə getməyə qoymayıb. Bütün bunlardan sonra onu şərləyərək tutublar", - deyə vəkil bildirib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti