...

Azərbaycanın müxalifətçi lideri prezidentliyə real iddialıların az olacağını hesab edir

Siyasət Materials 5 İyun 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun/ Trend , müxbir C.Babayeva/ Azərbaycan müxalif Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri hesab edir ki, Seçki Məcəlləsinə olunan əlavə və dəyişikliklərdən sonra müxalifətdən prezidentliyə real iddialıların sayı azalacaq. "Hazırda müxalifətdən prezidentliyə iddiaçıların böyük əksəriyyəti artıq başqa iddiadadırlar. İddiaçıların boykota meyllənməsi müşahidə olunur. Ona görə də, real iddiaçıların sayı indiyə qədər iddialarını açıqlayanların sayından az olacaq", cümə axşamı Trend -a KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib.

Trend -un arayışı: Parlament bu həftənin bazar ertəsi Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Yeni layihəyə görə, prezidentliyə namizədlərin depozit qoyma şərti götürülür. Namizədlər yalnız imza toplayacaqlar. Namizədliyin qeydə alınması üçün tələb olunan 45 min imzanın isə 40 minə endirilməsi nəzərdə tutulur. Bundan əlavə, seçki təbliğatının müddəti 120 gündən 75 günə endirilir. Məcəllədə dövlət televiziyasında namizədlərə pulsuz efir vaxtı ayrılması qadağan edilib. Müxalifət əlavə və dəyişikliklərdən narazı qalıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

KXCP-nin prezident seçkisində iştirak formasına gəlincə, Mirəlioğlu qeyd edib ki, partiyanın seçkidə iştirakla bağlı qərarı keçən ilin dekabrın 16-da Ali Məclis tərəfindən verilib və hələlik partiyada bu qərarın əleyhinə təbliğat aparılmır. "Ali Məclisin iyunun 7-də keçiriləcək iclasında partiyanın prezidentliyə namizədinin irəli sürülməsi nəzərdə tutulurdu. Lakin iclasın yekun qərarı Seçki Məcəlləsinə qəbul olunan əlavə və dəyişikliklər müzakirə olunandan sonra məlum olacaq", - deyə o bildirib.

Müsavat Partiyasının müxalifətin sammitini keçirmək təklifinə münasibət bildirən KXCP sədri deyib ki, bu təşəbbüs reallaşa bilər. "İllərdir ki, bu istiqamətdə təşəbbüslər irəli sürülsə də, heç bir nəticə verməyib. Sammit təşəbbüsü reallaşarsa, təşəbbüskarı bu münasibətlə təbrik edəcəyik", - deyə o qeyd edib.

Trend -un arayışı: Klassik Xalq Cəbhəsi Partiyasının təsis qurultayı 2006-cı ilin mart ayında keçirilib. Həmin vaxta qədər partiya Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddia edirdi və "Klassiklər" AXCP-si kimi tanınırdı. Azərbaycanın eks-prezidenti, AXCP-nin sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra "Klassiklər" qanadına sədrlik edib. 2006-cı ildə partiyanın adında dəyişiklik edilərək KXCP adlandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti