Azərbaycan, Bakı, 9 iyun / Trend , müxbir S.İlhamqızı/ Türkiyə Böyük Millət Məclisinin (parlamenti) sədri Köksal Toptan Konstitusiya dəyişikliyi zamanı ikipilləli sistemin - Senatın yaradılması təşəbbüsü ilə çıxış edib. "Biz Senat məsələni müzakirə etməliyik"-deyə Toptan bugünkü açıqlamasında bildirib, bu barədə Türkiyənin Anadolu aqentliyi yayıb.
"Bu məsələ müzakirə olunsun deyərkən, hər hansı bir məqsəd güdmürük. Senatlar Avropa Birliyi ölkələrin bir çoxunda var. Məncə, Senat Konstitusiya Məhkəməsinə gedən yolda filtr rolunu oynaya bilər" - deyən Toptan əlavə edib ki, Senat həm qanunların hazırlanmasına yardım edər, həm də Konstitusiya Məhkəməsinin qarşısına çox problemlərin çıxmamasını təmin edər.
"Bunu deyərkən, Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə daxil olan işlərin ondan alınıb Senata verilməsini nəzərdə tutmuram. Onsuz da belə bir şey mümkün ola bilməz" - deyə spiker vurğulayıb.
Toptan bildirib ki, Konstitusiya Məhkəməsi bu gün hakimlərinin də etiraf etdiyi kimi, çox ağır yük altındadır. Bu səbəbdən parlament spikeri hesab edir ki, ixtilaflar, mübahisəli məsələlər Konstitusiya Məhkəməsinə nə qədər az daxil olarsa, o qədər yaxşı olar: "Bu zaman Konstitusiya məhkəməsinə çıxarılacaq məsələlərin məhdudlaşdırılmasını nəzərdə tutmuram. Konstitusiya Məhkəməsinə çıxarılmağa ehtiyac olmayan məsələlər, qanunlar Senatda baxıla bilər. Yəni, Senatın "süzgəcindən keçirilən" qanunlar Konstitusiya Məhkəməsinə təqdim olunmaya bilər" - deyə Türkiyənin spikeri bildirib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]