...

Azərbaycan müxalifətinin birgə sammiti baş tutmadı

Siyasət Materials 10 İyun 2008 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan müxalifətinin birgə sammitinin keçirilməsi baş tutmayacaq. "Biz istəyirdik ki, mövcud hakimiyyətin həyata keçirdiyi siyasətə qarşı müqaviməti artırmaq üçün müxalifətin birgə sammiti olsun və birgə qərarlar verilsin. Ancaq "Azadlıq" blokunun həyata keçirdiyi siyasi xətt buna mane oldu" - çərşənbə axşamı Trend -a Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Trend -un arayışı: İyunun 2-də Milli Məclisin qərarı ilə Seçki Məcəlləsində bir sıra dəyişikliklər edilib. Təbliğat kampaniyasının müddəti 120 gündən 75 günə endirilib. 75 günün 28-i təşviqat işlərinə, qalan günlər namizədin müəyyən edilməsi, onun qeydə alınması üçün imzaların toplanması, imzaların Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanması və digər prosedur tədbirlərinə sərf olunacaq. Namizədin dəstəklənməsi üçün lazım olan imzaların sayı, əvvəllər olduğu kimi, 45 min yox, 40 min müəyyən edilib, dövlət KİV-də seçki təbliğatı qadağan olunub. Bundan sonra Müsavat bu dəyişikliklərə qarşı müxalifətin birgə mübarizəsini təşkil etmək məqsədilə sammitin keçirilməsini təklif etmişdi.

Hacılı bildirib ki, "Azadlıq" bloku siyasi proseslərdən təcrid xətti tutub. Bu blok müxalifətin birliyini və yaxud müzakirələr aparmasını yalnız o çərçivədə görür ki, digər partiyalar da onlar kimi boykot yolu tutmalıdırlar. "Sammit təklifinə ilk mənfi rəy "Azadlıq" blokundan gəldi" - deyən Hacılı bildirib ki, bu qurumun tutduğu yol müxalifətin birliyinə mane olur.

Trend -un arayışı: Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

"Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə, çərşənbə axşamı Trend -a deyib ki, onların sammit təklifinin əleyhinə çıxması barədə deyilənlər doğru deyil. "Sadəcə olaraq, biz bildiririk ki, tam fərqli mövqedə olan siyasi qurumların birgə müzakirələr aparmasının mənası yoxdur. Biz indiki şəraitdə seçkiyə getməyin doğru olmadığını bildiririk və seçkini boykot edəcəyimizi bəyan edirik. Müsavat və başqa partiyalar isə, istənilən halda seçkiyə gedəcəklərini bildirirlər. Mövqelərdə kifayət qədər fərqvar. Əgər seçkidə iştirak edən partiyalar sammit keçirmək istəyirlərsə, buyurub keçirsinlər" - deyən Əliyev onu da vurğulayıb ki, "Azadlıq" bloku iştirak etmədiyinə görə, sammitin baş tutmaması bu qurumun müxalifətdə həlledici söz sahibinə çevrildiyini göstərir.

Trend -un arayışı: "Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti