...

Türkiyə və Ermənistan arasında əlaqə yaradılmayacaq - parlamentin sədri (video)

Siyasət Materials 17 İyun 2008 14:25 (UTC +04:00)
Türkiyə və Ermənistan arasında əlaqə yaradılmayacaq - parlamentin sədri (video)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Ermənistan tərəfindən işğal olunan əraziləri azad olunmayınca, Türkiyə və Ermənistan arasında heç bir əlaqə yaradılmayacaq. "Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan əlaqələri normallaşmayacaq", - deyə çərşənbə axşamı Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Köksal Toptan bildirib.

Trend -un arayışı: Türkiyə parlamentinin sədri Toptan çərşənbə axşamı Azərbaycana üçgünlük rəsmi səfərə gəlib. Toptan Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə və parlamentin sədri Oqtay Əsədovla görüşəcək, Azərbaycan parlamentinin 90 illik yubleyində iştirak edəcək.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Toptanın sözlərinə görə, Türkiyə dünyanın bütün yerlərində Azərbaycanın Dağlıq Qarabağ siyasətini daim dəstəkləyib və bu dəstək davam edəcək.

Türkiyə parlamentinin sədri deyib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti açıq və konkretdir: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi və siyasəti dəyişməyəcək. Biz burada başqa məsələ tələb etmirik. Sadəcə, Azərbaycana aid olduğu qəti şəkildə bilinən torpaqlar Azərbaycana qaytarılmalıdır və sülh əldə olunmalıdır. Bizim bundan başqa tələbimiz yoxdur və başqasının torpaqlarında da gözümüz yoxdur. Amma bizə aid olan torpaqları istəmək haqqımızdır. Ümid edirəm ki, qarşıdakı müddətdə bir həll yolu tapılacaq", - Total əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti