Azərbaycan, Bakı, 18 iyun/ Trend / Azərbaycanın prezidenti İlham Əliyev iyunun 18-də Ombudsmanların VI Bakı Beynəlxalq konfransının iştirakçılarını qəbul etmişdir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, Bakıda ombudsmanların, insan hüquqları üzrə müvəkkillərin iştirakı ilə çox vacib beynəlxalq konfrans keçirilir. Mən əminəm ki, müzakirələr çox maraqlı keçir və qəbul edilmiş qərarlar sizin aranızda əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir.
Prezidentin sözlərinə görə, ölkədə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət verilir. Azərbaycan gənc, müstəqil dövlət kimi son 17 il ərzində bu sahədə çox böyük işlər görübdür və gələcəkdə də hələ çox işlər görülməlidir. Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda həm siyasi, həm iqtisadi, sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik.