...

ABŞ və prezident İlham Əliyev arasında yaxşı səmərəli münasibətlər yaranıb – Deniel Frid

Siyasət Materials 19 İyun 2008 11:49 (UTC +04:00)
ABŞ və prezident İlham Əliyev arasında yaxşı səmərəli münasibətlər yaranıb – Deniel Frid

Buş Administrasiyasının Azərbaycan prezidenti İlham Əliyev ilə "yaxşı səmərəli münasibətləri yaranıb". " İTAR-TASS "ın verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət katibi müavininin vəzifələrini icra edən Deniel Frid cümə axşamı Kapitoliyada bəyan edib.

O, Konqresin nümayəndələr palatasının xarici işlər üzrə Komitəsində çıxış edərək bildirib ki, Vaşinqton "Son illər ərzində təhlükəsizliyin təmin edilməsi və enerji resursları tədarükünün diversifikasiyası kimi sahələrdə Azərbaycan ilə birgə əldə olunan irəliləyişləri alqışlayır".

"Biz Azərbaycanın 150 hərbçisini İraqa, 45 hərbçini isə Əfqanıstana göndərməsini, həmçinin prezident Əliyevin Əfqanıstandakı əsgərlərin sayının iki dəfə artırılacağına dair verdiyi vədi yüksək qiymətləndiririk. Azərbaycan bundan əlavə NATO-nun Kosovodakı sülhməramlı qüvvələrinə də öz töhfəsini verib... Biz Azərbaycanın İraq və Əfqanıstanda əməliyyatlara dəstək üçün öz hava məkanından azad şəkildə istifadə etmək barədə təklifindən razıyıq. Bu əməkdaşlıq Azərbaycan ilə NATO münasibətlərinin irəliləməsi fonunda inkişaf edir... Azərbaycan həmçinin terrorçuluqla mübarizədə qəti addımlar atıb", - deyə Frid əlavə edib.

Frid bildirib ki, Bakı energetika sahəsində "Qaz tədarükü üçün mühüm alternativ mənbələrdən biri olmaqdadır". "Azərbaycan qazı dünyada qaz qiymətlərinin inhisarlar tərəfindən deyil, bazar tərəfindən müəyyən edilməsinə imkan yaradan yeni boru kəməri şəbəkələrinin yaradılmiası üçün yol aça bilər. Azərbaycan enerji xammalı tədarükçüsü rolunu möhkəmləndirməklə yanaşı, eyni zamanda Rusiya və Xəzər dənizinin şərq sahilindəki digər qonşuları, həmçinin Gürcüstanla konstruktiv münasibətləri dəstəkləyir", - deyə o bildirib.

Frid Azərbaycan iqtisadiyyatının "ardıcıl olaraq üç il ərzində dünya üzrə ən sürətlə artan iqtisadiyyat olduğunu" qeyd etməyi lazım bilib. "Hökumət sahibkarlıq fəaliyyəti üçün şəraitin yaxşılaşdırılması istiqamətində ilk addımları atıb. Lakin işgüzar və investisiya mühiti hələ də ağır olaraq qalmaqdadır, enerji resursları ilə bağlı olmayan sahələrə xarici sərmayələri cəlb etmək üçün hələ çox iş görmək lazımdır ", - deyə o bildirib.

Bununla yanaşı, Frid qeyd edib ki, ABŞ "Azərbaycandakı demokratik islahatların ləng həyata keçirilməsindən narahatdır". "Bizi, xüsusilə mətbuat azadlığı ilə bağlı vəziyyət narahat edir. Bundan əlavə, azad toplaşma hüququna riayət olunması ilə bağlı məhdudiyyətlər də bizi narahat edir... Biz ümid edirik ki, Azərbaycan demokratiyanın möhkəmləndirilməsi işində əhəmiyyətli irəliləyişlərin olduğunu nümayiş etdirmək üçün oktyabrda keçiriləcək prezident seçkilərindən istifadə edəcək".

"Azərbaycanın öz iqtisadi və siyasi inkişafını sürətləndirməsi, regionda yaxşı münasibətlərin qurulmasında uğurları möhkəmləndirməsi, həmçinin Dağlıq Qarabağ ətrafındakı mübahisənin nizamlanması üçün hər bir imkanı var ", - deyə Frid bildirib.

Xəbər lenti

Xəbər lenti