Ulyanovskda Heydər Əliyev adına bağ salınıb. Bu barədə şənbə günü " İTAR-TASS "a şəhər meriyasından məlumat verilib.
Azərbaycanın Ümummilli liderinin şərəfinə salınan bağ şəhərin Zasviyajsk rayonunda Jiqulyevskaya və Fruktovaya küçələrinin kəsişməsində, yerli Azərbaycan diasporunun təşəbbüsü ilə salınıb. Bağın mərkəzində Heydər Əliyevin heykəli ucaldılıb. Abidənin müəllifi Yuri Qaqarinin Moskvadakı heykəlinin müəlliflərindən biri, məşhur heykəltaraş Sergey Bobrakovdur. Ulyanovsk meri Sergey Yermakov 2008-ci ilin fevral ayında abidənin qoyulması barədə qərar imzalayıb. Abidənin təntnəli açılış mərasimi bu yaxınlarda keçirilcək.
Abidə və bağ - ulyanovluların Azərbaycan liderinə hörmətinin təcəssümüdür. Ulyanovsk vilayətinin qubernatoru Serqey Morozovun sözlərinə görə, "Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi Rusiya və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, qorunması və inikşafının göstəricisidir".
Heydər Əliyev dəfələrlə Ulyanovskda olub, o cümlədən 1983-cü ildə "Aleksandr Suvorov" teploxodunun qəzasının nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının sədri qismində. O vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan Heydər Əliyev ən qısa müddətdə bu faciə ilə bağlı çoxsaylı problemlərin həlli üçün tədbirlər görmüşdü.