...

Azərbaycan müxalifəti yeni formatın yaradılmasına ehtiyac duyur

Siyasət Materials 21 İyun 2008 13:48 (UTC +04:00)
Azərbaycan müxalifəti yeni formatın yaradılmasına ehtiyac duyur

Azərbaycan, Bakı, 21 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalifət Müsavat Partiyası hesab edir ki, ölkə müxalifətinin yeni formatının yaradılmasına ehtiyac var. "Müxalifətin siyasi fəaliyyətinə yeni baxışlar ortaya qoyulmalıdır" -şənbə günü jurnalistlərə Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli bildirib.

Trend -un arayışı: Azərbaycanın müxalifət düşərgəsində prezident seçkisinə iştirak məsələsində fərqli fikirlər yaranıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları da seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər.

Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Hüseynli deyib ki, müxalifətin yeni formatının yaradılması üçün təcili müzakirələrə başlanmalıdır. Müsavat funksioneri hesab edir ki, yeni format yaradılarkən müxalifətin fəaliyyətinə ideoloji-siyasi dəyişikliklər edilə bilər. Onun sözlərinə görə, müxalifət düşərgəsinin təklif etdiyi bütün formatlar müzakirə edilə bilər.

Müxalif Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Trend -a açıqlamasında müxalifətin yeni formatının yaradılmasına ehtiyac olduğunu deyib. "Müxalifətin müasir cəmiyyətin yeni tələblərinə uyğun olan formatının yaradılması qaçılmazdır. Bizim partiya yeni formatın yaradılmasının tərəfdarıdır" - Cəlaloğlu əlavə edib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq, keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edib və özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti